İsrailin Türkiyədəki səfiri kimdir? - DOSYE (FOTO)

Xəbər verdiyimiz kimi, bu gün İsrail Türkiyəyə yeni səfir təyin edib. Bu vəzifəyə İrit Lilian təyinat alıb.
Redaktor.az xəbər verir ki, xanım səfir bu təyinata qədər İsrailin Türkiyədəki səfirliyinin müvəqqəti işlər vəkili olub.
İrit Lillian 1962-ci ildə İsrailin Rehovot şəhərində anadan olub. O, Tel-Əviv Universitetində bakalavr dərəcəsi alıb. Daha sonra Şərq və Qərbşünaslıq üzrə magistr dərəcəsinə yiyələnib.
Hərbi xidmət keçən Lillian 1986-cı ildən İsrail Xarici İşlər Nazirliyində diplomatik fəaliyyətə başlayıb. 2007-ci ildə İsrailin Avstraliyadakı səfiri Naftali Tamirin geri çağırılmasından sonra onun səlahiyyətlərini icra edib. Lillian bu vəzifədə cəmi bir neçə ay çalışıb. Daha sonra 2015-ci ildən 2019-cu ilə qədər İsrailin Bolqarıstandakı səfiri olub.
Xatırladaq ki, 2010-cu il mayın 31-də Fələstinin Qəzza zolağına humanitar yardım aparan Türkiyənin “Mavi mərmərə” gəmisinə İsrail hərbçilərinin basqını iki dövlət arasında gərginliyin yaranmasına səbəb olub. Hadisə nəticəsində Türkiyənin 9 vətəndaşı israilli hərbçilər tərəfindən öldürülüb. Bundan sonra iki ölkə arasında vəziyyət böhran həddinə çatıb. Türkiyə Təl-Əvivdəki səfirini, İsrail isə Ankaradakı səfirini geri çağırmış, iki ölkə arasında diplomatik əlaqələr kəsilib.