Gürcüstanda bankda 12 nəfəri girov götürən şəxs saxlanıldı - VİDEO

Gürcüstanın Kutaisi şəhərində "Bank of Georgia"nın yerli filialına silahlı hücum edən şəxs saxlanılıb.
Redaktor.az yerli mətbuata istinadən xəbər verir ki, girov götürülən 12 nəfər xilas edilib.
Bankın yerləşdiyi küçədə nəqliyyatın hərəkəti bərpa olunub.
***
Gürcüstanın Kutaisi şəhərində banka hücum edərək oradakıları girov götürən şəxs iki milyon dollar tələb edib.
Redaktor.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan videoda qarətçi girovdan onun tələbini səsləndirməsini tələb edir.
Girov öncə: “Üç saat ərzində iki milyon dollar gətirilsin”, - deyir. Sonra isə qarətçiyə xitabən: “Qardaş, öz tələblərini özün de”, - söyləyir.
Gürcüstan Daxili İşlər Nazirliyinin verdiyi açıqlamaya görə, “Gürcüstan Bankı”nda hazırda 12 nəfər girov saxlanılır.
Həmçinin o da bildirilir ki, qarətçi bankın giriş qapılarını minalayıb, iki qadını isə girovluqdan azad edib.
Binanı polislər mühasirəyə alıblar.
DİN Kutaisidə bankda insanların girov götürülməsini terror aktı kimi dəyərləndirib.
***
Gürcüstanın Kutaisi şəhərində maskalı silahlı şəxs yerli banklardan birinə hücum edib.
Redaktor.az xəbər verir ki, bu barədə Gürcüstanın “Mtavari Arxi” telekanalı məlumat yayıb.
Məlumata görə, o, bankdakı insanları girov götürüb.
Bildirlir ki, naməlum şəxs həm müştərilər, həm də qurumun əməkdaşları da daxil olmaqla 10-a qədər adamı girov götürüb.
Hadisənin şahidləri bildiriblər ki, bank binasının yaxınlığında silah səsləri eşidilib. Şahidlərdən birinin sözlərinə görə, hücum edən şəxsin iki milyon pul tələb etdiyini eşidib, ancaq valyuta barədə dəqiq məlumat verilmir.
Hazırda hüquq-mühafizə orqanları girovların azad edilməsi üçün xüsusi əməliyyat keçirir.
Mənbə: Gazeta.ru, Sputnik Gürcüstan