Rəisi hicab taxmayan jurnalistə müsahibə vermədi

 18:28 22.09.2022     295

CNN-in aparıcısı başını örtmədiyi üçün İran Prezidenti İbrahim Rəisi müsahibə verməkdən imtina edib.

Modern.az APA-ya istinadən xəbər verir ki,  bu barədə CNN-in tanınmış jurnalisti Kristien Amanpur "Twitter"də bildirib.

"Ötən həftə Məhsa Əmininin “əxlaq polisi” tərəfindən həbsindən sonra öldürülməsinin ardınca İranda etirazlar genişlənir və qadınlar hicablarını yandırırlar. İnsan haqları müdafiəçiləri azı 8 nəfərin öldüyünü bildirir. Dünən gecə mən prezident Rəisidən bütün bu və başqa məsələlər haqqında soruşmağı planlaşdırırdım. Bu, Prezident Rəisinin Nyu-Yorka səfəri zamanı ABŞ ərazisində ilk müsahibəsi olacaqdı. Həftəlik planlaşdırmadan və səkkiz saat çəkən tərcümə avadanlığı, işıqlar və kameraların qurulmasından sonra biz hazır idik. Amma prezident Rəisidən əsər-əlamət yox idi. Müsahibə başlamazdan 40 dəqiqə əvvəl onun köməkçisi gəldi. Onun sözlərinə görə, prezident mənə hicab taxmağı təklif edirdi, çünki müqəddəs Məhərrəm və Səfər aylarıdır. Mən nəzakətlə bundan imtina etdim və dedim ki, biz hicabla bağlı heç bir qanun və ənənənin olmadığı Nyu-Yorkdayıq", - Amanpur qeyd edib.

O bildirib ki, daha əvvəl də İran prezidentləri ilə İrandan kənarda müsahibə edərkən heç kim ona bu təklifi etməyib.

"Prezidentin köməkçisi bildirdi ki, mən hicab bağlamasam müsahibə olmayacaq. O, bunun "hörmət məsələsi" olduğunu söylədi və "İrandakı vəziyyətə" istinad etdi - ölkəni bürüyən etirazlara işarə etdi. Yenə dedim ki, bu görünməmiş və gözlənilməz vəziyyətlə razılaşa bilmərəm və beləcə biz oradan uzaqlaşdıq. Müsahibə baş tutmadı. İranda etirazlar davam etdiyi və insanların öldürüldüyü bir vaxtda prezident Rəisi ilə danışmaq vacib məqam olardı", - CNN-in aparıcısı vurğulayıb.