Rəsmi Moskva Ukraynanın yeni ərazilərə zərbələrini təcavüz aktı kimi qəbul edəcək - Peskov
Rəsmi Moskva Ukraynanın yeni ərazilərə endirdiyi zərbələri Rusiyaya qarşı təcavüz aktı kimi qəbul edəcək.
Redaktor.az-ın məlumatına görə, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
Peskov qeyd edib ki, 2014-cü il nümunəsində Donetsk vilayətinin sərhədləri daxilində "DXR"in bütün ərazisi “azad edilməlidir”.
Xatırladaq ki, sentyabrın 23-dən 27-nə qədər “Donetsk və Luqansk Xalq Respublikaları”nda, eləcə də Xerson və Zaporojye vilayətinin rusiyalı hərbçilərin nəzarətində olan hissəsində həmin ərazilərin Rusiyanın tərkibinə daxil edilməsi ilə bağlı “referendum” keçirilib. Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Ukraynanın Xerson və Zaporojye vilayətlərinin “müstəqilliyi” və “suverenliyi”ni tanınması barədə fərman imzalayıb.
Bu gün isə Kremldə yeni ərazilərin Rusiyanın tərkibinə daxil edilməsi ilə bağlı müqavilələrin imzalanması mərasimi keçiriləcək.
T.İSMAYIL












