Zelenski G7 ölkələrindən müdafiə sistemləri  İSTƏDİ

 18:50 11.10.2022     364

Bu gün G7 ölkələrinin liderləri Ukraynadakı vəziyyətlə bağlı iclas keçirib.

Redaktor.az xəbər verir ki, iclasda Ukrayna Prezindenti Volodimir Zelenski də iştirak edib.

Zelenski G7 ölkələrinin liderlərinin videokonfransında Ukraynanın kritik infrastrukturuna kütləvi zərbələrə cavab olaraq Rusiya Federasiyasının enerji sektoruna qarşı sanksiyalar tətbiq etməyə çağırıb. O, həmçinin vurğulayıb ki, Rusiyanın hazırkı prezidenti ilə heç bir danışıqlar aparıla bilməz.

O bildirib ki, Ukrayna kifayət qədər hava hücumundan müdafiə sistemi əldə etsə, Rusiyanın əsas təhlükəsi dayandırılacaq.

G7 liderləri iclasdan sonra yayılan birgə bəyanatda Ukraynaya lazım olan müddətdə dəstəyi davam etdirəcəklərinə söz veriblər.

ABŞ, Almaniya, Yaponiya, Fransa, İtaliya, Kanada və Böyük Britaniya liderlərinin birgə bəyanatında bildirilir ki, Ukraynaya maliyyə, humanitar, hərbi, diplomatik və hüquqi dəstək verməyə davam edəcəklər.

Onlar, həmçinin Rusiyaya əlavə iqtisadi məhdudiyyətlərin tətbiq ediləcəyini vəd edib, Ukraynanın hərbi və müdafiə texnikasına olan təcili ehtiyaclarını ödəmək üçün səyləri əlaqələndirəcəklərini vurğulayıblar.