Ukraynaya raket hücumuna əmr verən Rusiya generalının adı məlum oldu

 10:46 12.10.2022     305

"Ordu generalı Sergey Surovikinin xüsusi hərbi əməliyyat zonasında birləşmiş qoşunlar qrupunun komandanı təyin edilməsi Ukraynada ciddi dəyişikliklərə səbəb olmayacaq. Rusiya Silahlı Qüvvələrinin Ukraynaya son günlərdəki raket hücumları birbaşa Sergey Surovkinin tapşırığıdır".

Redaktor.az xəbər verir ki, bu barədə ABŞ mərkəzli Müharibə Araşdırmaları İnstitutu məlumat yayıb.

Bildirilib ki, S.Surovikinin əvvəllər Suriyada xidmət etməsinin heç bir əhəmiyyəti yoxdur: “Onun təyinatı Ukraynada Suriya ssenarisinin tətbiqi ilə nəticələnməyəcək. Çünki Ukraynadakı döyüş meydanı Suriyadakından çox fərqlənir”.

İnstitutun məlumatına görə, Rusiya hərbi komandanlığı Ukraynanın şərq və cənubundakı cəbhə bölgəsinə yeni səfərbər edilmiş hərbçiləri cəlb edir: “Rusiya mənbələrinin məlumatına görə, Ukrayna qoşunları Xerson vilayətinin şimal və qərbində hücumları davam etdirir. Luqansk vilayətinin Hərbi Administrasiyasının rəhbəri Sergey Qayday deyib ki, əraziyə minlərlə əsgər toplanıb”.

Müharibə Araşdırmaları İnstitutundan qeyd olunub ki, Rusiya rəsmiləri səfərbərlikdən Kremlin orduya getmək əmrini rədd edən şəxslərə qarşı cəza növü kimi istifadə edir: “Bəzi rusiyalılar bütün Rusiyada səfərbərliyə müqavimət göstərməyə davam edirlər”.

Xatırladaq ki, S.Surovikin oktyabrın 8-də Ukraynadakı xüsusi hərbi əməliyyat zonasında birləşmiş qoşunlar qrupunun komandiri təyin edilib.