Səfərbərliyə çağırılan ruslar arasında ölənlər var

 13:39 13.10.2022     985

Rusiyada qismən səfərbərliyə cəlb olunaraq, Ukraynaya qarşı müharibəyə göndərilənlər arasında ölənlər var.

Redaktor.az xəbər verir ki, bu barədə Çelyabinsk vilayət qubernatorunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, səfərbərliklə hərbi xidmətə çağırılmış 5 yerli sakin Ukraynada gedən döyüşlərdə həlak olub. Həmin şəxslər Korkino şəhər komissarlığından hərbi xidmətə çağırılıblar.

Onların hansı şəraitdə həlak olduğu məlum deyil. Ölənlərin ailələrinə maddi yardım göstəriləcək.

Qeyd edək ki, sentyabrın 21-də Rusiya prezidenti Vldaimir Putin Ukrayna ilə müharibədə iştirak üçün qismən səfərbərlik elan edib. Putin xalqa müraciətində bildirib ki, səfərbərlik yolu ilə hərbi xidmətə çağırılan vətəndaşlar müqavilə əsasında Rusiya Federasiyası Silahlı Qüvvələrində xidmət edən hərbi qulluqçu statusu alacaqlar.

Müdafiə naziri Sergey Şoyqu isə vurğulayıb ki, səfərbər ediləcək 300 min əsgər hərbi ixtisası və döyüş təcrübəsi olan şəxslərdən ibarət olacaq.