NATO raket hücumuna qarşı “Avropa qalxanı” yaradacaq

 23:28 13.10.2022     288

Almaniya, həmçinin NATO-ya üzv 13 ölkə Avropanın hava hücumundan daha mükəmməl müdafiə sisteminin qurulması barədə bəyannamə imzalayıb.

Redaktor.az-ın xəbərinə görə, “European Sky Shield” (raket əleyhinə Avropa qalxanı) adlandırılan təşəbbüslə bağlı bəyannamə NATO ölkələrinin müdafiə nazirlərinin Brüsseldə keçirilən görüşü zamanı Almaniyanın müdafiə naziri Kristine Lambreht və həmkarları tərəfindən imzalanıb. Bu, Avropanın hava hücumundan müdafiə sistemindəki mövcud boşluqları aradan qaldırmağa kömək etməlidir.

İmzalanma mərasimində, həmçinin Belçika, Bolqarıstan, Böyük Britaniya, Macarıstan, Latviya, Litva, Hollandiya, Norveç, Rumıniya, Slovakiya, Sloveniya, Finlandiya və Çexiya nümayəndələri iştirak ediblər. Diplomatların sözlərinə görə, Estoniya da layihədə iştirak etmək istəyir.

Ekspertlərin fikrincə, hazırda qitədə ballistik raketlərdən, həmçinin dronlardan və qanadlı raketlərdən müdafiə ilə bağlı müəyyən problemlər var. Hava hücumundan vahid müdafiə sisteminin yaradılması Ukraynada baş verən hadisələrin yaratdığı təhlükə ilə bağlıdır. İndiyədək Avropanın raketdən müdafiə sistemləri ilk növbədə İrandan gələ biləcək təhlükələrə qarşı yönəlirdi.

Xatırladaq ki, avqustun 29-da Almaniya kansleri Olaf Şolts Praqa şəhərindəki Karlova Universitetində çıxışı zamanı qonşu ölkələrlə birgə Avropa İttifaqında hava hücumundan vahid müdafiə sistemi yaratmaq niyyətini açıqlamışdı.