İranda inqilab vaş verməyəcək - Nazir

 14:55 15.10.2022     352

İranda məxməri və ya rəngli inqilabların baş verməsi üçün şərait yoxdur.

Redaktor.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Hossein Amir Abdollahian Avropa İttifqaının baş diplomatı Josep Borrell ilə söhbətində deyib.

O, Qərbi ABŞ və Kanadada polis zorakılığına qarşı hərəkətsizliyə görə və ya Avropadakı iğtişaşları yatıranları dəstəkləməkdə qınayıb, eyni zamanda İranda eyni hərəkətlərin repressiya adlandırılmasına etiraz edib.

İranda baş verən son hadisələri şərh edən xarici işlər naziri deyib: “Məhsa Əmininin vəfatı hamımız üçün təəssüf doğurur. Bununla bağlı Ədliyyə Tibb Təşkilatı xeyli sayda tibb işçisi və ekspertinin himayəsi altında dəqiq və elmi hesabat təqdim edib. Bu arada məhkəmə prosesi davam edir. Təbii ki, bu iş bəzi Qərb rəsmiləri üçün bəhanə rolunu oynayır. Sual Kanada və ABŞ-da yüzlərlə qadın və uşağın polis tərəfindən öldürülməsi halları qarşısında Qərbin nə etdiyidir. Necə olur ki, iğtişaşlara qarşı mübarizənin ən qəddar forması Avropada yaxşı və məqbul addım sayılır, hüquq müstəvisində baş verən eyni hərəkət isə İranda repressiya hesab edilir? Dinc tələblərin iğtişaşlar, qətllər və terror əməliyyatları ilə heç bir əlaqəsi yoxdur”.

Nazirin sözlərinə görə, İran rejimi xalqın güclü dəstəyinə və effektiv demokratiyaya malikdir:

“İran rəngli və ya məxməri dövlət çevrilişinin baş verəcəyi ölkə deyil. İran regionda davamlı sabitlik və sülhün lövbəridir. Təbii ki, biz Avropa İttifaqı ilə İran İslam Respublikası arasında daha geniş əməkdaşlıq çərçivəsini nəzərdə tuturuq; ona görə də biz avropalılara bu məsələyə real baxmağı tövsiyə edirik”.

Hossein Amir Abdollahian deyib ki, İranın Rusiya ilə müdafiə sahəsində əməkdaşlığı var, lakin Ukraynadakı müharibə ilə bağlı siyasəti münaqişə edən tərəflərə silah göndərilməsinin əleyhinədir və müharibənin dayandırılmasını dəstəkləyir.

Öz növbəsində Borrell deyib: "Bizim İranın daxili işlərinə qarışmaq niyyətimiz yoxdur".

O, həmçinin Avropada bəzi sərt mövqelərə işarə edib və İran ilə Aİ arasında gələcək əməkdaşlığın zəruriliyini vurğulayıb.