Beynəlxalq təşkilatdan erməni jurnalistlərə ÇAĞIRIŞ - görüşə bilərik

 14:43 17.10.2022     234

GLOBAL JOURNALİSM COUNCİL (Qlobal Jurnalistlər Şurası) sədri Mehmet Ali Dim Ermənistan jurnalistləri ilə görüş keçirəcəklərini 2023-cü ilin hədəflərində yer aldığını söyləyib.

Redaktor.az xəbər verir ki, bu barədə o, modern.az-a açıqlamasında bildirib ki, belə görüş gələn il baş tuta bilər.

“Biz türkiyəli jurnalistlər olaraq bütün dünyada sülh olmasını, xüsusilə də Azərbaycan və Ermənistan xalqının sülh içərisində yaşamasını istəyirik. Türkiyəli jurnalistlərin 90%-i iki ölkə arasında əlaqələrin normallaşmasını istəyir. Biz Azərbaycan və Ermənistanın qonşu ölkə olduğunu, eyni coğrafiyanı paylaşdığını, iki xalqın sülh şəklində yaşaması yönümündə xəbərlər hazırlayırıq. 

Ermənistandan olan jurnalistlərdən də istəyimiz və tələbəmiz elə budur. Onlar müharibəni alovlandıran deyil, sülhə, dostluğa dəstək olan xəbərlər verməlidir. Onların da belə xəbərlər yazmalı olduğunu bir daha yada salır və çağırış edirik. Əgər türk jurnalistlər olaraq Ermənistandan olan həmkarlarımızla bir masaya otursaq, onlara bu məsələni bildirəcəyik.

Eyni zamanda hesab edirik ki, Zəngəzur dəhlizinin açılması proseslərin sürətlənməsinə gətirib çıxaracaq. Bizim üçün görüş yerinin fərqi yoxdur. Onları Türkiyədə qonaq qəbul edə bilərik, biz də Ermənistana gedə bilərik. Belə bir görüşün onların da istəyəcəklərini düşünürəm. Hazırda Ermənistan hakimiyyətinə qarşı dirəniş var. Xalq müharibə istəmir. Jurnalistər də xalqın bir parçasıdır, əgər hakimiyyətin mənsubları deyillərsə, oradan bəslənmirlərsə, xalqın tələbinə uyğun sülhün olmasını istəyəcəklər. 

“Küresel Gazeteciler Konseyi” olaraq bizim etməli olduğumuz şey xalqlar arasında əlaqələrin media vasitəsi ilə daha da normallaşdırmaqdır. Sülhün bərqarar olması üçün media vacib vasitədir. Bu mövzuda hələ erməni həmkarlarımızla təmasımız olmayıb, amma bununla bağlı işlər görəcəyik. Konseyimizin Dış Mediya Məclis sədri azərbaycanlı jurnalist Elşad Eyvazlıdır. Onun da fikirlri bizim üçün önəmlidir. Bu, çox da asan proses deyil, ümid edirik ki, önümüzdəki ildə belə bir görüş ola bilər. Hər şey Ermənistan mediasının sülhə münasibətindən asılıdır”, - deyə Mehmet Ali Dim vurğulayıb.