“Nüvə silahından yalnız Putin istifadə edə bilər” - Zelenskidən dünyaya MÜRACİƏT
“Avropada nüvə silahından yalnız bir subyekt istifadə edə bilər - Ukrayna deyil, Rusiya Prezidenti Vladimir Putin”.
Redaktor.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski növbəti videomüraciətində bildirib.
Dövlət başçısı xatırladıb ki, son sutkada Rusiyanın müdafiə naziri Sergey Şoyqu “telefon karuseli” təşkil edib və xarici işlər nazirlərinə hansısa “çirkli nüvə bombası” haqqında hekayələrlə zəng edir.
Onun sözlərinə görə, eyni zamanda, hər kəs “bu müharibədə təsəvvür edilə biləcək çirkin hər şeyin mənbəyinin kim olduğunu” yaxşı bilir.
“Zaporojye AES-də radiasiya fəlakətini şantaj edən Rusiyadır; Rusiya raketlərinin, xüsusən də Ukraynanın nüvə obyektlərinin üzərindən keçən trayektoriyadır; Kaxovskaya su elektrik stansiyasının bəndini və bloklarını minalayan Rusiya hərbçiləridir. Stansiyanı partlatmaqla şantaj edir, mülki infrastruktura qarşı fosforlu sursatlardan, qadağan olunmuş piyada əleyhinə minalardan və bütün spektrli silahlardan istifadə edən Rusiyadır...
Əgər Rusiya zəng edib deyirsə ki, guya Ukrayna nəsə hazırlayır, deməli, bu, bir o deməkdir ki, Rusiya bütün bunları artıq hazırlayıb”, - deyə Zelenski bildirib.
Ukrayna liderinin fikrincə, indi dünya mümkün qədər sərt reaksiya verməlidir:
“Çünki bizə nə qədər güclü dəstək verilsə, bu müharibə və mümkün Rusiya təhdidləri bir o qədər tez bitəcək. Terrorçu dövlət payı qaldıranda bunun nəticə verməyəcəyini hiss etməlidir”.
Gələn həftə Ukrayna diplomatiyası üçün bir nömrəli vəzifə - baş verənləri izah etmək olacağını qeyd edən Zelenski əmindir ki, dünya Ukrayna ilə olacaq.
Həmidə İBRAHİMOVA












