"Koronavirusun daha təhlükəli variantlarının peyda olunması təhlükəsi realdır" - ÜST rəhbəri
"Dünya əhalisinin təxminən üçdə biri hələ də COVID-19 əleyhinə bir dənə də olsun doza vaksin almayıb".
Redaktor.az xarici mediaya istinadla xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus Seulda keçirilən Beynəlxalq biosammitdə bildirib.
Onun sözlərinə görə, dünyada vaksinasiyaya bərabər çıxışın olmaması "pandemiyaya qlobal reaksiyanı sarsıdıb". Qebreyesus deyib ki, aşağı gəlirli ölkələrdə səhiyyə işçilərinin yarısından çoxu və yaşlı insanların təxminən üçdə ikisi koronavirus əleyhinə peyvənd olunmayıb.
ÜST rəhbəri əlavə edib ki, "vaksinasiyadakı fərq qlobal bərpanı təhdid edir və hər kəsi risk altına salır". Koronavirusun yeni, daha təhlükəli və ölümcül variantlarının peyda olunması təhlükəsinin real olduğunu bildirən Qebreyesus “Biz bu pandemiyadan nəticə çıxarmalıyıq" deyib.
Baş direktor hesab edir ki, ən vacib nəticələrdən biri vaksinlər və müalicə vasitələrinin istehsalının coğrafiyasının genişləndirilməsi zərurətidir:
“Çünki pandemiya göstərib ki, hazırda belə imkanlara yalnız az sayda ölkələr malikdir. Növbəti nəsil vaksinləri, terapevtik vasitələr və diaqnostika alətləri gələcək pandemiyalara cavab vermək üçün olduqca mühüm əhəmiyyət kəsb edəcək”.
Həmidə İBRAHİMOVA












