Məhsa Əmininin ailə üzvləri ev həbsinə məhkum edildi

 16:36 27.10.2022     200

İran hakimiyyəti Məhsa Əmininin ailə üzvlərini ev həbsinə məhkum edib.

Redaktor.az xəbər verir ki, bu barədə Məhsa Əmininin əmisi oğlu İrfan Murtazai "Al-Arabiya"ya bildirib.

O deyib ki, İran hakimiyyətinin təhlükəsizlik qüvvələri Məhsa Əmininin öldürülməsinə görə məsuliyyət daşıyır,

Qeyd edək ki, oktyabrın 26-da Məhsa Əmininin yaşadığı Kürdüstan ostanının Saqqız şəhərində və İranın digər bölgələrində onun polis nəzarətində ölməsinin 40-cı günü ilə əlaqədar etiraz aksiyaları keçirilib. Şahidlərin məlumatına görə, İran təhlükəsizlik qüvvələri 22 yaşlı Məhsanın dəfn olunduğu qəbiristanlığa toplaşan insanlara atəş açıb.

Xatırladaq ki, sentyabrda 22 yaşlı Məhsa Əmini Əxlaq polis tərəfindən saxlanılıb və polis nəzarətində olduğu müddətdə ona işgəncə verilib, nəticədə 22 yaşlı Məhsa həyatını itirib. Onun öldüyü vaxtdan bəri İranda nümayişlər geniş vüsət alıb.

İnsan haqları müdafiəçilərinin məlumatına görə, indiyədək etirazlarda 200-dən çox etirazçı öldürülüb, minlərlə insan həbs edilib.

Tibbi ekspertiza isə açıqlamasında bildirib ki, Məhsa Əmininin ölümünə başdan və bədənin həyati orqanlarından vurulan zərbə səbəb olmayıb. Məhkəmə-tibbi ekspertləri qeyd ediblər ki, Məhsa Əmini 8 yaşında beyin əməliyyatı keçirib və ağır dərmanlar qəbul edib (APA).