Xarkovda rusların öldürdüyü ukraynalıların kütləvi məzarlığı tapıldı

 09:39 28.10.2022     280

Ukraynanın Xarkov vilayətinin Borovski rayonunda kütləvi məzarlıq aşkar edilib.

Redaktor.az UNİAN-a istinadla xəbər verir ki, məzarlıqda azı 17 mülki şəxsin və hərbçinin cəsədi tapılıb.

Bu barədə Ukrayna Milli Polisinin “Telegram” kanalında məlumat verilib.

“İlkin məlumatlara görə, məzarda azı 17 nəfər Ukrayna Silahlı Qüvvələrinin hərbi qulluqçusu və mülki şəxs dəfn edilib. Müstəntiqlər ilk iş günündə üç hərbçinin meyitini götürüblər”, - deyə polisdən bildirilib.

Qeyd olunub ki, kütləvi məzarlıq barədə Kopanki kəndinin sakinləri məlumat veriblər.

“Sakinlər istintaqa bildiriblər ki, rusiyalılar bütün ərazi boyu ölənlərin cəsədlərini toplayıblar. Aprelin 13-də onları iki yük maşını ilə gətiriblər. Ekskavatorla 3 metr dərinlikdə çuxur qazıb, bütün meyitləri ora atıblar. Sonra basdırılma yerinin üzərini tanklarla hamarlayıblar”, - deyə məlumatda qeyd edilib.

Milli Polisin Xarkov vilayəti üzrə Baş İdarəsinin İstintaq Bölməsinin rəis müavini Dmitri Soymanın sözlərinə görə, yerli sakinlər bildiriblər ki, Ukrayna hərbçiləri döyüşdə ölüb.

“Rusiyalılar qəbrin üzərində bir dənə də olsun işarə qoymadılar və yerli əhaliyə də imkan vermədilər. Yalnız Pasxa bayramında qəbiristanlığa gəlməyə icazə verdilər. İnsanlar üç xaç tapdılar və bununla da qəbrin perimetrini işarələdilər, alaq otlarını yığışdırdılar”, - deyə o, əlavə edib.

Çıxarılan bütün cəsədlər ölümün səbəblərinin müəyyən edilməsi üçün məhkəmə-tibbi ekspertizasına göndəriləcək.

Tunar Altunbay