Miqrantlar ukraynalılara görə gecəni küçədə keçirməli olur - Fotolar

 09:51 29.10.2022     186

Belçikanın paytaxtı Brüsseldə Afrikadan olan miqrantlar küçədə gecələmək məcburiyyətində qalıb.

Redaktor.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, buna səbəb qaçqınların qəbulu mərkəzlərində boş yerlərin olmaması və həmin mərkəzlərdə ukraynalı miqrantlara üstünlük verilməsi göstərilib. 

Nəşr yazır ki, sığınacaq üçün müraciət etmək istəyənlər qaçqınların qəbulu üzrə ofislərin qarşısında növbə gözləyir. Miqrantların yerləşdirildiyi mərkəzlərdə isə sıxlıq müşahidə edildiyindən həmin şəxslər küçələrdə gecələməyə məcbur olurlar.

Hazırda əsas olaraq Əfqanıstan və Burundidən olan təqribən 200 miqrant Brüsselin Şaerbeek bölgəsində ukraynalı miqrantlar üçün nəzərdə tutulan binanın qarşısında küçədə gecələyir. 

Bildirilir ki, bu vəziyyət artıq 1 ildən çoxdur ki, davam edir. Lakin son zamanlar Asiya və Afrikadan olan qaçqınlar soyuq münasibətlə qarşılaşmağa başladıqda vəziyyət kəskinləşib. Bununla belə, Ukraynadan olan qaçqınların ərizələrinə tez bir zamanda baxıldığı bildirilir.