İranda Şiraz terroruna görə saxlanılan şəxs öldü

İranın Şiraz şəhərindəki Şahçərəx məqbərəsinə hücum edən terrorçu ölüb.
Redaktor.az xəbər verir ki, məlumatı “Tasnim” agentliyi yerli hakimiyyət orqanlarına istinadən yayıb.
“Həbs zamanı aldığı yaralara görə o, Şirazdakı xəstəxanada dünyasını dəyişib”, – Fars vilayəti qubernatorunun müavini deyib.
Çərşənbə günü axşam İran mediası üç naməlum şəxsin İranın cənubunda yerləşən Şiraz şəhərindəki Şahçərəx məqbərəsinin ərazisinə atəş açdığını bildirib.
“Tasnim” agentliyi hücumda yalnız bir şəxsin hərəkət etdiyini, lakin İranın dövlət televiziyasının qeyd etdiyi kimi, məqbərədən uzaq olmayan ikinci terrorçunun da olduğunu bildirib. Terror aktı nəticəsində KİV-in məlumatına görə, 13 nəfər ölüb, daha 45 nəfər yaralanıb. İran hakimiyyəti ABŞ və İsraili bu terror aktını İranda qeyri-sabitliyi qızışdırmaq üçün təşkil etməkdə ittiham edib.
Hadisəni İŞİD terror təşkilatı üzərinə götürüb.