İsveç NATO-nun nüvə silahının ölkədə yerləşdirilməsinə razıdır

 19:07 01.11.2022     346

İsveç Silahlı Qüvvələrinin Ali Baş Komandanı Mikael Büden Krallığın alyansa qoşulmasından sonra NATO-nun nüvə silahlarının ölkəsinin ərazisində yerləşdirilməsinin əleyhinə olmadığını bildirib.

Redaktor.az "İzvesiya"ya istinadla xəbər verir ki, o, bu barədə çərşənbə axşamı, noyabrın 1-də keçirdiyi mətbuat konfransında bildirib.

“Mənim məsləhətim çox aydındır - əvvəlcə heç bir qeyd-şərt yoxdur. Alyansa üzv olmamışdan əvvəl də həlli mümkün olmayan problemlər yaratmaq ancaq maneələr və sürtünmələr yaradır. O zaman siyasətçilər lazımi qərarlar qəbul etməli olacaqlar”, - Büden jurnalistlərin bu ölkənin NATO-ya üzv olacağı təqdirdə nüvə silahının İsveç üçün problemə çevrilmək ehtimalı barədəsualını cavablandırarkən deyib.

Büden həmçinin bildirib ki, krallıq hökumətinin müdafiə xərclərini 2026-cı ilə qədər ÜDM-in 2%-i səviyyəsinə çatdırmağı planıaşdırır.

Bundan əvvəl, oktyabrın 26-da Finlandiyanın "İltalehti" qəzeti yazıb ki, alyansa ölkədə nüvə silahı və hərbi bazalar yerləşdirməyə icazə verən Finlandiyanın NATO-ya üzvlüyü haqqında sazişin qanun layihəsi artıq hazırdır. O, iki həftə ərzində parlamentə baxılmaq üçün təqdim olunacaq. Nəşrdə qeyd edildiyi kimi, Finlandiyada nüvə silahının yerləşdirilməsinin mümkünlüyü vacibdir, çünki NATO-nun qabaqlayıcı çəkindirməsi məhz ABŞ və Böyük Britaniyanın nüvə silahlarına əsaslanır.

Oktyabrın 25-də Ankarada Türkiyə və Finlandiya Ədliyyə Nazirliyinin nümayəndə heyətləri arasında Şimali Avropa ölkəsinin NATO-ya qəbulu ilə bağlı danışıqlar aparılıb. Ankaranın terrorçu hesab etdiyi Kürdüstan Fəhlə Partiyası (PKK) və Türkiyə hakimiyyəti tərəfindən 2016-cı ildə dövlət çevrilişinə cəhddə ittiham olunan FETÖ təşkilatı üzvlərinin taleyi ilə bağlı suallar müzakirə olunub. Finlandiya bu vətəndaşların bir qisminə siyasi sığınacaq verib.

Finlandiya və İsveç mayın 18-də NATO-ya üzv olmaq üçün müraciət ediblər. 

Rusiya Xarici İşlər Nazirliyi isə iki ölkənin hakimiyyət orqanlarının alyansa qoşulma planları ilə bağlı bəyanatına tənqidi reaksiya verib.
Rusiya prezidenti Vladimir Putin mayın 16-da Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının yubiley sammiti zamanı NATO-nun genişlənməsinin süni olduğunu qeyd edib.

Tunar Altunbay