Rusiya hərbi liderləri Ukraynada nüvə silahından istifadəni müzakirə ediblər

 11:51 03.11.2022     285

Rusiyanın yüksək rütbəli hərbi liderləri keçən ay Ukraynadakı döyüş meydanında nüvə silahından necə və nə vaxt istifadə edə biləcəklərini müzakirə ediblər.

Redaktor.az CBS-yə istinadla xəbər verir ki, danışıqlarda Rusiya Prezidenti Vladimir Putin iştirak etməyib.

Qeyd olunur ki, ABŞ mediasının Rusiyanın nüvə silahından istifadəsini müzakirə etdiyinə dair xəbərlərə cavab verən Ağ Evin milli təhlükəsizlik sözçüsü Con Kirbi deyib ki, bir neçə ay ərzində nüvə silahının potensial istifadəsi ilə bağlı narahatlıq gedərək daha çox artıb.

Son həftələrdə Rusiyanın nüvə doktrinası nüvə silahından, xüsusən də Ukraynadakı döyüş meydanında işə salına biləcək “taktiki” silahdan hansı şəraitdə istifadə edə biləcəyi ilə bağlı ciddi araşdırmalara məruz qalıb. Taktiki nüvə silahı, kütləvi qırğına səbəb olmaq üçün nəzərdə tutulmuş daha böyük "strateji" silahlardan fərqli olaraq, döyüşdə istifadə üçün nəzərdə tutulub.

Rusiya Xarici İşlər Nazirliyi Moskvanın dövlətin mövcudluğu təhlükə altında olduğu zaman cavab olaraq nüvə silahından istifadə etmək hüququna malik olduğunu təkrarlayıb.

Böyük Britaniyanın müdafiə naziri Ben Uolles isə bildirib ki, Rusiya Ukraynadakı döyüş meydanında taktiki nüvə silahından istifadə etsə, bunun "ağır nəticələri" olacaq.

Həmidə İbrahimova