Netanyahunun seçkilərdə qələbəsi təsdiqləndi - Baş nazir onu təbrik etdi

 22:41 03.11.2022     373

İsrailin hazırkı baş naziri Yair Lapid Benyamin Netanyahu və onun Likud partiyasını parlament seçkilərində qazandıqları qələbə münasibətilə təbrik edib.

Redaktor.az xəbər verir ki, bu barədə “The Jerusalem Post” məlumat yayıb.

“İsrail dövləti bütün siyasi mülahizələrdən üstündür. Netanyahuya İsrail xalqının və İsrail dövlətinin rifahı naminə uğurlar arzulayıram”, - deyə Lapid bildirib.

KİV-in məlumatına görə, Lapid artıq baş nazir aparatının bütün şöbələrinə hakimiyyətin ötürülməsinə hazırlaşmaq göstərişi verib.

CNN-in məlumatına görə, demək olar ki, bütün səslərin hesablanmasından sonra Netanyahunun partiyası və müttəfiqləri Knessetdə (İsrail parlamenti) 120 yerdən 64-nə iddialıdırlar. Lapidin Yeş Atid partiyası 51 yerə arxalana bilər.

Qeyd edək ki, İsraildə son 3 ildə 5 dəfə parlament seçkiləri keçirilib.

Onların nəticələrinə əsasən 25-ci Knessetin tərkibi müəyyənləşəcək, daha sonra hökumət koalisiyasının yaradılması proseduruna başlanacaq. Uğurlu olarsa, yeni hökumət və baş nazir and içəcək.

Qeyd edək ki, Netanyahu 2009-2021-ci illərdə 12 il fasiləsiz olaraq İsrail Nazirlər Kabinetinə rəhbərlik edib.

Bundan əvvəl o, 1996-1999-cu illərdə də baş nazir olub. Beləliklə, ümumilikdə Netanyahu 15 il Nazirlər Kabinetinin rəhbəri olub ki, bu da ölkə tarixində rekord dövrdür.

Tunar Altunbay