Bolqarıstan Ukraynaya hərbi yardım qadağasını götürür - qətnamə qəbul edildi
Bolqarıstan Milli Assambleyası Ukraynaya hərbi-texniki yardımın göstərilməsi ilə bağlı qətnaməni dəstəkləyib.
Redaktor.az "unian.net"ə istinadla xəbər verir ki, GERB-SDS və “Demokratik Bolqarıstan” partiyalarının təşəbbüsü ilə hazırlanan sənədə parlamentarilərin böyük əksəriyyəti – 175, o cümlədən Bolqarıstanın keçmiş baş nazirinin səlahiyyətlərini icra edən Stefan Yanevin “Bolqar Rise” partiyası səs verib.
Rusiyayönlü “Vozrojdenie” və Bolqarıstan Sosialist Partiyası da daxil olmaqla 49 nəfər əleyhinə səs verib, daha üç nəfər isə bitərəf qalıb.
Qətnamə o deməkdir ki, indi Bolqarıstan hökuməti 30 gün ərzində Ukraynaya silah tədarükü ilə bağlı qərar layihəsini parlamentə təqdim etməlidir.
Maraqlıdır ki, Bolqarıstan Ukraynaya birbaşa silah verməsə də, Bolqarıstanın hərbi zavodları Ukrayna ordusunun Rusiyaya qarşı müharibədə istifadə etdiyi silahların satışından böyük gəlirlər əldə edir.
Qeyd edək ki, aprelin sonunda Bolqarıstan prezidenti Rumen Radev Ukraynaya silah tədarükünə qəti şəkildə qarşı çıxıb və Kiyevə getməyə ehtiyac olmadığını bildirib.
Bundan sonra Bolqarıstanın Baş naziri Kirill Petkov Kiyevə gedib. Birgə brifinq zamanı prezident Vladimir Zelenski Ukrayna hərbi texnikasının Bolqarıstanda təmir olunacağını bildirib.
İyun ayında Ukraynanın Bolqarıstandakı səfiri Vitali Moskalenko Xarici İşlər Nazirliyinə rəsmi nota ilə Ukraynanı sovet dövründən qalma texnika ilə təmin etmək xahişi ilə müraciət edib.
Petkov cavab verib ki, parlament Ukraynaya silah verməkdən imtina edib, lakin ölkə başqa sahələrdə Kiyevə dəstək verəcək.
Avqustun əvvəlində Bolqarıstanın iqtisadiyyat naziri vəzifəsini icra edən Aleksandr Mixaylov Bolqarıstanın Ukraynaya 4200 ton silah göndərdiyini bildirib.
Sentyabrın sonunda Bolqarıstanın müdafiə naziri vəzifəsini icra edən Dimitar Stoyanov Təhlükəsizlik Şurasının iclasından əvvəl Kiyevin xahişlərinə baxmayaraq, Bolqarıstanın Ukraynanı ağır silahlarla təmin etməyəcəyini bildirib.
Turan ASLAN












