ABŞ Ukraynaya hava hücumundan müdafiə sistemləri verəcək: yeni yardım paketinin təfərrüatları

 21:53 04.11.2022     277

Cümə günü, noyabrın 4-də ABŞ Ukraynaya 400 milyon dollarlıq yeni hərbi yardım paketi verəcəyini açıqlayıb.

Redaktor.az-ın UNİAN-a istinadla məlumatına görə, Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq bildirib ki, paketə "Hawk" hava hücumundan müdafiə vasitələri, təmir edilmiş T-72 tankları, 250 M1117 zirehli personal daşıyıcısı, 40 zirehli qayıq və 1100 "Phoenix Ghost" pilotsuz təyyarəsi daxildir.

Məlum olduğu kimi, əvvəllər ABŞ və Hollandiya Ukrayna üçün 90 Çex tankının təmiri barədə razılığa gəliblər. Onların yarısının təmiri dövlətlər tərəfindən ödənilməli idi.

Ukraynanın alacağı "Hawk" hava hücumundan müdafiə sistemi "Patriot" raketdən müdafiə sisteminin sələfidir. Kompleks təyyarələri məhv etmək üçün nəzərdə tutulmuşdu və daha sonra uçuş zamanı raketləri tutmaq üçün dəyişdirildi. Onun dəyəri 15 milyon dollar, hər bir döyüş sursatı isə 250 min dollardır.

"Phoenix Ghost" taktiki pilotsuz uçan aparatı düz ərazidə döyüş ehtiyacları üçün nəzərdə tutulub. Onun əsas məqsədi düşmənə hücum etməkdir.

Qeyd edək ki, sentyabrın 21-də ABŞ Prezidenti Co Bayden bəyan edib ki, Ukrayna artıq ABŞ-dan 25 milyard dollardan çox yardım alıb.

Oktyabrın 1-də ABŞ lideri Ukraynaya əlavə yardım üçün 12,3 milyard dollardan çox vəsaitin ayrılmasını nəzərdə tutan “Ukrayna üçün 2023-cü il üçün ayırmaların və əlavə vəsaitlərin uzadılması” haqqında qanunu imzalayıb.

Oktyabrın 4-də Bayden 625 milyon dollarlıq yeni yardım paketini açıqlayıb.

Bundan əlavə, ABŞ 725 milyon dollarlıq yardım paketinin bir hissəsi olaraq Ukraynaya sursat və orduya məxsus "Humvee" yük maşınları göndərəcək.

Noyabrın 1-də məlum olub ki, ABŞ qanunvericiləri Ukraynaya yeni böyük yardım paketini müzakirə edirlər, səsvermə yanvara qədər keçirilməlidir. İlkin məbləğ 60 milyard dollardır.

Turan ASLAN