Çin dünyanın ən böyük nüvə dövləti olacaq

 22:24 04.11.2022     181

2030-cu illərin əvvəlində Birləşmiş Ştatlar təxminən ABŞ-ın arsenalına bərabər iki nüvə dövləti ilə qarşılaşmalı olacaq.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu fikri ABŞ müdafiə nazirinin siyasi məsələlər üzrə müavini Kolin Koul Vaşinqtonda Brukinqs İnstitutunda keçirilən seminarda çıxışı zamanı səsləndirib.

Onun hesablamalarına görə, Çin yaxın illərdə nüvə arsenalını “dörd dəfə” artıracaq.

Qeyd edək ki,hələ 2021-ci ildə Amerika Alimləri Federasiyasının nüvə informasiya proqramının direktoru Hans Kristensen və onun həmkarı Mett Kor da müxtəlif ölkələrin nüvə arsenallarının təxminlərini dərc etdikləri hesabatda da bu məsələyə toxunulub.

Onların fikrincə, 2021-ci ilin əvvəlinə Pentaqonun sərəncamında 3800-ə yaxın operativ şəkildə yerləşdirilən və ehtiyat döyüş başlığı var idi. Lakin son bir ildə bu rəqəqm kəskin artıb. Çünki hazırda ABŞ-ın arsenalında istismardan çıxarılan və sökülməsini gözləyənlərdən əlavə 5550 nüvə başlığı var.

Ekspertlərin fikrincə, Rusiya təxminən 4500-ə yaxın operativ şəkildə yerləşdirilən və hazır vəziyyətdə olan nüvə başlığına malikdir. Daha 1760 nüvə başlığı isə istismar müddətini başa vurub sökülməsini gözləyir.

Çində isə hazırda təxminən 350 döyüş başlığı var, lakin digər ekspertlər bunun 1000-ə qədər ola biləcəyini təxmin edirlər.

Xatırladaq ki, hazırda 9 ölkə nüvə silahına malikdir. Bunlar Çin, Fransa, Hindistan, Pakistan, İsrail, Rusiya, ABŞ, Böyük Britaniya və Şimali Koreyadır.

Çin, Fransa, Rusiya, ABŞ və Böyük Britaniya və digər ölkələr (cəmi 191 dövlət) Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilə imzalayıb.

Bu müqavilədə onlar nüvə silahı ehtiyatlarını azaltmaq və nəzəri olaraq ondan tamamilə vaz keçmək öhdəliyi götürüblər.

Həqiqətən də 1970-1980-ci illərdən sonrakı dövrdə bu ölkələr nüvə başlıqlarının sayını azaldıb.

Amma Hindistan, Pakistan və İsrail bu müqaviləyə qoşulmayıb (İsrail nüvə silahına malik olduğunu rəsmən etiraf etməyib), Şimali Koreya isə 2003-cü ildə razılaşmadan çıxıb.

Tunar Altunbay