Ukrayna ordusu Luqansk vilayətində 12 yaşayış məntəqəsini azad etdi

 12:14 14.11.2022     452

Ukrayna Silahlı Qüvvələri artıq Luqansk vilayətinin 12 yaşayış məntəqəsini rus işğalçılarından azad edib.

Redaktor.az UNİAN-a istinadla xəbər verir ki, bunu Luqansk hərbi administrasiyasının rəhbəri Sergey Qayday bildirib.

"Ruslar bu yaxınlarda onlardan azad edilmiş kəndlərə güclü atəş açır, ona görə də biz oradan təxliyə etməyə çalışırıq" - deyən Qaydayın sözlərinə görə, Beloqorovka Rusiya ordusu tərəfindən davamlı atəşə və hücumlara məruz qalır və ümumilikdə rayonda hər gün ağır döyüşlər gedir:

“Topçularımızın uzaq mənzilli silahları var ki, bu da bizə düşmən xəttinin arxasındakı məsələləri həll etməyə imkan verir - bu, cəbhə xəttində vəziyyəti xeyli asanlaşdırır”.

Administrasiya rəhbəri onu da qeyd edib ki, Luqansk vilayətində Ukrayna Silahlı Qüvvələrinin yolunda xeyli sayda “vaqnerçilər” və qismən səfərbər olunmuş ruslar var.

Qeyd edək ki, S.Qayday bundan əvvəl Luqansk vilayətində 11 yaşayış məntəqəsinin artıq işğaldan azad edildiyini bildirmişdi. O, Ukrayna ordusunun niyə digərləri kimi bu istiqamətdə sürətlə irəliləmədiyini izah edib.

Onun sözlərinə görə, Luqansk vilayətinin bərpası təxminən yeddi il çəkə bilər.

Turan İSMAYIL