“Azərbaycan İsraildə səfirlik açan ilk şiə çoxluğu olan dövlətdir” - “Jerusalem Post”

 18:38 18.11.2022     189

İsrailin nüfuzlu “Jerusalem Post” qəzeti  Azərbaycanın bu ölkədə səfirlik açmağa hazırlaşmasından yazıb.

Redaktor.az xəbər verir ki, qəzetin yazdığına görə, “noyabrın 18-də parlamentin təsdiqindən sonra Azərbaycan İsraildə səfirlik açan ilk şiə müsəlman dövləti olub”.

Keçən ay tikintisinə başlanılan yeni səfirlik binası ölkənin turizm ofisi və ticarət nümayəndəliyi olan Təl-Əviv şəhərində yerləşəcək”.

“Jerusalem Post” xatırladıb ki, İsrail və Azərbaycan 30 ildir müxtəlif sahələrdə əlaqələr qurub, 1993-cü ildən Bakıda İsrail səfirliyi fəaliyyət göstərir.

Qəzetin məlumatına görə, baş nazir Yair Lapid qərarı yüksək qiymətləndirərək, Azərbaycanı "İsrail üçün mühüm tərəfdaş və müsəlman dünyasında ən böyük yəhudi icmalarından birinin vətəni" adlandırıb.

"Səfirlik açmaq qərarı ölkələr arasında əlaqələrin dərinliyini əks etdirir", - deyə baş nazir Y.Lapid əlavə edib.

Onun sözlərinə görə, Azərbaycanın bu addımı İsrail hökumətinin müsəlman dünyası ilə güclü diplomatik körpülər qurmaq səylərinin bəhrəsidir.

“Jerusalem Post” qəzeti qeyd edib ki, rəsmi Bakının bu qərarı Tehranla münasibətlərdəki gərginlik fonunda verilib.


Azərbaycan-İsrail Parlamentlərarası Dostluq Qrupunun üzvü Arzu Nağıyev İsraildə səfirliyin açılmasını İranın Qafanda konsulluq açmasından və Ermənistanla sıx əlaqələr qurmasını elan etməsilə əlaqələndirib.


Qəzet yazır ki, azərbaycanlıların çoxluq təşkil etdiyi İranda dövlət televiziyası İsraili və Azərbaycanı “İsrail... öz qəbrini öz əlinlə qazma... İran bunu bəyan edir ki,  Azərbaycan bilsin, anlasın” sözləri ilə hədələyən mahnı yayımlayıb. “İrana yanlış baxan hər kəs məhv edilməlidir”, - deyə mahnıda vurğulanır.

“İran və Azərbaycan 420 mil uzunluğunda sərhədi bölüşür. İranda İsrailin Azərbaycan ərazisindən bu ölkəyə gizli əməliyyatlara başladığı barədə çoxdan xəbərlər yayılıb. İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian İsraili “Azərbaycanın bir neçə bölgəsində mövcudluğunu qurmaqda” ittiham edib, rəsmi Bakı sə bunu təkzib edib”, - deyə məqalədə qeyd edilib.

“Jerusalem Post” xatırladıb ki, İran bu yazınlarda Azərbaycanla sərhəddə hərbi təlimlər keçirib.
Qəzet bildirib ki, prezident İsaak Hersoq bu ilin əvvəlində İsraillə Azərbaycan arasında əlaqələrin 30 illiyi şərəfinə məktub yazıb və Əliyevi İsrailə səfərə və səfirlik açmağa dəvət edib. Azərbaycan keçmişdə səfirlik açmaqda tərəddüd edirdi, qismən ona görə ki, digər müsəlman dövlətləri özündən uzaqlaşdırmaq və ya İranı təxribata çəkmək istəmirdi.

“Lakin Avraam razılaşması və Əliyevin İsraillə Türkiyə arasında yaxınlaşmanı təmin etməsi Azərbaycanın işini asanlaşdırdı”.

Məqalədə qeyd edilib ki, İsraillə Azərbaycanın müdafiə sahəsində sıx əlaqələri var. İsrail Bakıya Ermənistana qarşı müharibədə istifadə olunan pilotsuz təyyarələr verib.

“Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu müəyyən edib ki, 2016-2020-ci illərdə Azərbaycanın silah idxalının 69%-i İsraildən gəlib və həmin dövr ərzində İsrailin silah ixracının 17%-ni təşkil edib. İsrailə idxal olunan neftin təxminən 40 faizi Azərbaycandandır”, - qəzet yazıb.