"Serbiya və Kosovo noyabrın 21-dən əvvəl həll yolu tapmalıdır" - Cozef Borel

 22:30 19.11.2022     128

Avropa İttifaqının (Aİ) xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borel rəsmi Belqrad və Priştinanın yeni böhranın astanasında olduğunu və iki ölkənin dialoqu davam etdirərək noyabrın 21-dən əvvəl həll yolu tapmasının vacibliyini qeyd edib.

Redaktor.az xəbər verir ki, C.Borel Serbiya və Kosovonun 2013-cü ildən bəri böyük böhranla üzləşdiyini və vəziyyətin təcili həllinin zəruriliyini vurğulayıb.

Noyabrın 11-də Parisdə Serbiya Prezidenti Aleksandr Vuçiç və Kosovonun Baş naziri Albin Kurti ilə görüşdüyünü xatırladan C.Borel mövcud vəziyyətdən çıxmaq üçün hər iki liderə təklif irəli sürüldüyünü deyib. Bildirib ki, bu iki ölkə daha əvvəl imzalanmış razılaşmaları yerinə yetirmək üzrə öhdəliklərə sadiq qalmalıdır.

C.Borel Kosovo rəsmilərinin Serbiya nömrə nişanlı avtomobillərə cərimə tətbiq etməyə başlayacağı tarix olan noyabrın 21-dən əvvəl tərəflərin təcili olaraq həll yolu tapmasının vacibliyini bildirib.

“Bu tarixdən əvvəl həll yolu tapılmalıdır. Əks halda, təhlükəli vəziyyətin astanasında olacağıq”, - deyə o qeyd edib.

Xatırladaq ki, Kosovo hökuməti avqustun 1-dən etibarən ölkədə yaşayan serblər də daxil olmaqla, hər kəs üçün dövlətə məxsus şəxsiyyət vəsiqəsi və avtomobil nömrə nişanı olma öhdəliyi ilə bağlı qaydaları tətbiq edəcəyini açıqlamışdı. Kosovo serbləri bu qaydalara etiraz əlaməti olaraq iyulun 31-də ölkənin şimalında Serbiya ilə sərhədə gedən yolu avtomobillərlə bağlamışdı. Eyni zamanda, yollarda barrikadalar qurulmuş və bu vəziyyət iki ölkə arasında gərginliyə səbəb olmuşdu.

NATO-nun Kosovodakı missiyası regionda sabitlik pozulacağı təqdirdə, müdaxilə etməyə hazır olduğunu bəyan etmişdi(azertag.az).