Türkiyə prezidentinin ən yaxın adamı Ərdoğanla Əsədin görüşünün vacibliyinə işarə etdi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan suriyalı həmkarı Bəşər Əsədlə görüşməlidir.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu Ərdoğanla ittifaqda olan Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının başqanı Dövlət Baxçalı çərşənbə axşamı bildirib.
"Prezidentimizin Misir prezidenti Əbdülfəttah əs-Sisi ilə qurduğu təmas düzgün təmasdır. Həmçinin Bəşər Əsədlə görüşmək imkanı yaratmaq və terror təşkilatlarına qarşı mübarizə üçün ümumi tədbirlər hazırlamaq lazımdır", - o, Ankarada çıxışı zamanı deyib.
Qeyd edək ki, bazar günü əs-Sisi və Ərdoğan Qətərdə keçirilən dünya çempionatının başlaması münasibətilə keçirilən mərasimdə ilk görüşlərini keçiriblər. Liderlər bir-birini salamlayıb, əl sıxıblar.
Avqustun 5-də Soçidə Türkiyə və Rusiya Federasiyası prezidentləri arasında keçirilən danışıqlardan sonra Türkiyə mediası Ankarada Türkiyə və Suriya rəhbərliyi arasında birbaşa təmasların qurulması imkanının müzakirə edildiyini yazıb. Bununla bağlı Türkiyə hakimiyyəti bəyan edib ki, belə danışıqlar hələlik planlaşdırılmayıb və Ankara ilə Dəməşq arasında əlaqələr yalnız xüsusi xidmət orqanları vasitəsilə həyata keçirilir.
Turan İSMAYIL












