Kiyev vilayətində 57 yaşayış məntəqəsi işıqsız qaldı

 13:44 22.11.2022     164

Kiyev vilayətində sulu qar və yağış səbəbindən elektrik enerjisinin verilişində fövqəladə fasilələr baş verib, 57 yaşayış məntəqəsi tamamilə, daha 102 yaşayış məntəqəsi isə qismən enerjisizləşdirilib.

Redaktor.az xəbər verir ki, bu barədə çərşənbə axşamı Kiyev Regional Hərbi Administrasiyası məlumat yayıb.

"Kiyev vilayətində əhəmiyyətli yaş qar və yağış, yaş qarın yapışması səbəbindən noyabrın 21-22-də elektrik enerjisinin verilişində fövqəladə fasilələr yaranıb", - deyə administrasiyanın Teleqram kanalında bildirilib.

Administrasiyadan verilən məlumata görə, güclü külək səbəbindən 60 elektrik xətti tamamilə, daha 26-sı isə qismən kəsilib. 1400 transformator yarımstansiyası da enerjisizləşdirilib. Bildirilir ki, qəza-bərpa işlərinə 75 briqada cəlb olunub.

Qeyd edək ki, bazar ertəsi Kiyev bölgəsində də enerji sisteminin sabitləşdirilməsi üçün "Ukrenergo" şirkəti tərəfindən elan edilmiş elektrik enerjisinin kəsilməsi tətbiq edilib.

T.İSMAYIL