BMT molla rejimini etirazçıları azad etməyə çağırdı

 20:10 22.11.2022     161

BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Volker Türk İran hakimiyyətini ölkədəki bütün məhbusların hüquqlarını, o cümlədən dinc toplaşmaq hüququnu tanıyaraq azad etməyə çağırıb.

Redaktor.az-ın "TASS"a istinadən xəbərinə görə, o, İran hakimiyyətinə mümkün qədər tez ölüm hökmünə moratorium tətbiq etməyi və beynəlxalq hüquqda “ağır” kimi təsnif edilməyən cinayətlərə görə bu cəzanın  ləğvini tövsiyə edib.

“İranda həftəsonu iki uşağın ölümü də daxil olmaqla etiraz aksiyaları qurbanlarının sayının artması və təhlükəsizlik qüvvələrinin reaksiyasının sərtləşdirilməsi ölkədəki kritik vəziyyətin göstəricisidir”, - deyə BMT-nin Ali Komissarı bildirib.

BMTİHAK-ın məlumatına görə, İranda keçirilən etirazlar zamanı 300-dən çox adam, o cümlədən 40-dan çox uşaq öldürülüb, həmçinin azı altı nəfər edam cəzasına məhkum edilib.

Xatırladaq ki, sentyabrın ortalarında 22 yaşlı Məhsa Əmininin ölümü ilə başlayan genişmiqyaslı etiraz aksiyaları hələ də davam edir.

Tunar Altunbay