Ukrayna səfirliklərinə heyvan gözləri GÖNDƏRİLDİ
Ukraynanın Avropadakı 6 səfirliyinə heyvan gözləri olan bağlamalar göndərilib.
Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat katibi Oleq Nikolenko sosial şəbəkədə məlumat yayıb. Onun sözlərinə görə, "qanla isladılmış" paketlər Macarıstan, İtaliya, Niderland, Polşa, Xorvatiya və Avstriyada yerləşən Ukrayna səfirliklərinə göndərilib.
Məlumata görə, paketlərin kim tərəfindən göndərildiyi bəlli deyil.
Xarici işlər naziri Dmitri Kuleba isə hesab edir ki, “Ukrayna səfirlikləri və konsulluqlarına qarşı yaxşı planlaşdırılmış terror və hədə-qorxu kampaniyası” gedir.
“Ukrayna bütün təhdidləri araşdırmaq, əli olanları müəyyən etmək və məsuliyyətə cəlb etmək üçün xarici hüquq-mühafizə orqanları ilə işləyir”, - deyə qurum sözçüsü qeyd edib.
Nərmin VÜQARQIZI












