İndoneziyada nikahdan kənar intim münasibət qadağan edilir - Bu, əcnəbilərə də aiddir

 18:11 06.12.2022     256

İndoneziya parlamenti nikahdan kənar intim münasibəti qadağan edən yeni Cinayət Məcəlləsini təsdiqləyib. Və bu, təkcə ölkə vətəndaşlarına deyil, həm də əcnəbilərə aiddir.

Redaktor.az "Reuters"ə istinadla xəbər verir ki, qanunun pozulmasına görə bir ilədək həbs cəzası nəzərdə tutulub. Qadağa turistləri ölkənin tropik sahillərindən uzaqlaşdırmaqla bağlı narahatlıqlara baxmayaraq qəbul edilib.

"Həm indoneziyalılara, həm də əcnəbilərə şamil ediləcək yeni məcəllə nikahı olmayan cütlüklərin birgə yaşamasını da qadağan edir ",- agentlik yazırb

Yeni Cinayət Məcəlləsi üç ildən sonra qüvvəyə minəcək. Bu müddət ərzində ölkədə qanunvericilik aktlarının hazırlanması planlaşdırılır. Qanunlar parlamentdəki bütün siyasi partiyalar tərəfindən dəstəklənib.

Hazırda İndoneziyada zina qanuni formada qadağan olsa da, bu nikahdan əvvəl intim münasibətə şamil edilmir.

İndoneziya turizm sənayesi şurasının sədr müavini Maulana Yusran bildirib ki, yeni məcəllə turizmə böyük zərbə vuracaq:

" İndoneziyada turizm pandemiyadan sonra yenicə sağalmağa başlayıb".

ABŞ-ın İndoneziyadakı səfiri Sunq Kim bildirib ki, bu məcəllə xarici investisiyaların, turizmin və ölkəyə səyahətlərin azalmasına səbəb ola bilər:

"İnsanların intim qərarlarının kriminallaşdırılması İndoneziyaya investisiya yatırmaq istəyən xarici iş adamlarının qərarlarına mənfi təsir edəcək".

Eyni zamanda İndoneziya Ədliyyə Nazirliyinin nümayəndəsi Albert Aries bildirib ki, yeni qanunların məqsədi “nikah institutunu və İndoneziya dəyərlərini qorumaqdır”.

Qeyd edək ki, İndoneziyada evlilikdən kənar intim münasibəti cinayət hesab etmək planları ilk dəfə 2019-cu ildə qaldırılıb. Əslində, bu qanun eynicinsli münasibətləri qadağan edir. Lakin koronavirus pandemiyası bu qanunun qəbulunu  2022-ci ilə qədər təxirə salıb.

Tunar Altunbay