Ukraynanın daha iki səfirliyi təhlükəli bağlamalar alıb - Kuleba

 20:10 06.12.2022     240

Xarici işlər naziri Dmitri Kuleba ölkəsinin düşmənlərini Ukrayna səfirliklərinə və konsulluqlarına partlayıcı paketlər və içində heyvan gözləri olan qanlı zərflər göndərməklə vaxt itirməməyə çağırıb, çünki bu, onları qorxutmur.

Redaktor.az xəbər verir ki, o, onlayn brifinq zamanı xatırladıb ki, Ukrayna səfirlikləri və konsulluqlarına qarşı terror və hədə-qorxu kampaniyası başlayıb.

Xüsusilə Madriddə Ukrayna səfirliyinə partlayıcı maddələr olan bağlama göndərilib, digər səfirliklər isə içində heyvan gözləri ilə qanlı məktublar alıb.

"Mən Ukraynanın bütün düşmənləri üçün təkrar edə bilərəm: siz bizi qorxuda və ya dayandıra bilməyəcəksiniz. Biz ukraynalı diplomatlardan ibarət vahid komandayıq və ölkəmizi qorumaq, qələbəmizi yaxınlaşdırmaq üçün çalışmaqda davam edirik", - Kuleba deyib.

Nazir həmçinin bildirib ki, Ukrayna səfirliklərinə təhlükəli bağlamaların göndərilməsi ilə bağlı yeni faktlar var:

"Bu gün Rumıniyadakı və Danimarkadakı səfirliyimiz də təhlükəıi bağlamalar alıb. Bu paketləri göndərməkdə və səfirliklərimizi terror etməkdə davam edən hər kəsə, xahiş edirəm, rahatlayın, vaxtınızı və pulunuzu poçt markalarına sərf etməyin. Bununla heç nəyə nail olmayacaqsınız." 

Tunar Altunbay