Xameneinin bacısı etirazçıları dəstəklədi: "Despotik rejim devirilməlidir"

 15:03 07.12.2022     332

İran İslam Respublikasının ali dini lideri Ayətullah Əli Xameneinin bacısı Bədri Hüseyni Xamenei hakimiyyətin ölkədə sentyabrın ortalarından bəri davam edən etirazçılara qarşı repressiyalarını pisləyib.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, çərşənbə günü oğlu Mahmud Moradxani tərəfindən Tehrandan göndərilən məktubda o, hökumət əleyhinə etirazları dəstəklədiyini bildirib.

"İslam İnqilabı Keşikçiləri Korpusunun üzvləri çox gec olmadan silahlarını yerə qoymalı və nümayişçilərin tərəfinə keçməlidirlər", - Xameneinin bacısı deyib.

“İran xalqının qalib gəlməsini və despotik rejimi devirməsini arzulayıram", - Bədri Hüseyni bildirib.

Qeyd edək ki, noyabrın 28-də İran hakimiyyəti İslam respublikasının ali liderinin qardaşı qızı Fəridə Muradxanini xarici hökumətləri Tehranla əlaqələri kəsməyə çağırdıqdan sonra həbs edib.

Fəridə və Mahmud Muradxani Bədri Hüseyni Xamenei ilə evli olan ruhani və müxalifətçi Əli Tehraninin övladlarıdır. CNN-in məlumatına görə, Tehrani oktyabrda vəfat edib.

Xatırladaq ki, İranda nümayişlər sentyabrın 16-da baş örtüyü düzgün taxmadığına görə polis müavini tərəfindən saxlanıldıqdan sonra vəfat edən 22 yaşlı Məhsa Əmininin dəfn mərasimindən sonra başlayıb. İki ay yarım ərzində mitinqlər və yürüşlər 157 şəhər və qəsəbəni əhatə edib. Aksiya iştirakçıları demokratik dəyişikliklərə çağırıb, hakimiyyət tərəfindən repressiyaları pisləyib və həbs olunanların azadlığa buraxılmasını tələb ediblər.

Turan İSMAYIL