Perunun Prezidenti həbs olundu - VİDEO

 09:23 08.12.2022     379

Peru polisi ölkə parlamenti tərəfindən prezidentlikdən uzaqlaşdırılan Pedro Kastillonu saxlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə "El Comercio" qəzeti məlumat yayıb.

Nəşr onun hazırda paytaxt Limada olduğunu qeyd edib.

Peru Prezidenti Pedro Kastillo üsyanda və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunub.

Bu barədə Perunun hüquq-mühafizə orqanlarının məlumatında deyilir.

ABŞ Dövlət Departamenti isə bildirib ki, P.Kastilonun impiçmenti ilə əlaqədar Vaşinqton onu keçmiş dövlət başçısı kimi qəbul edir.

Artıq Perunun birinci vitse-prezidenti Dina Boluarte dövlət başçısı kimi and içib.

"Tanrının, vətənin və bütün peruluların adına and içirəm ki, Peru Konstitusiyasına uyğun olaraq üzərimə götürdüyüm respublika prezidenti vəzifəsini bu gündən 2026-cı il iyulun 26-na qədər vicdanla yerinə yetirəcəyəm", - o deyib.

Amerika Dövlətləri Təşkilatının Baş katibi Luis Almaqro Perunun yeni Prezidenti Dina Boluarteni dəstəklədiyini bildirib.

Bu barədə L.Almaqro tviterdə bildirib.

“Peru Prezidenti Dina Boluarteni və onun milli birliyə çağırışını alqışlayırıq. Amerika Dövlətləri Təşkilatı olaraq biz demokratiyaya, sülhə, institutlara dəstəyi və inklüziv, açıq, səmimi dialoq vasitəsilə demokratik yolun təcili bərpasına ehtiyac olduğunu bir daha təsdiqləyirik”, - o qeyd edib.

Xatırladaq ki, Peru parlamenti Prezident Pedro Kastillonun istefasına səs verib. Təklifi 101 deputat dəstəkləyib, 6 deputat əleyhinə səs verib, 10 deputat bitərəf qalıb (report).

 

Vumart və Güvən reklamı Vumart Güvən