Ermənistanı idarə edənlərin maaşları - SİYAHI

 14:41 10.12.2022     384

Gələn il Ermənistanda yüksək maaş alan ali məmurların gəlirləri xeyli artacaq. Çünki 2023-cü ildən bütün dövlət məmurlarının maaşının hesablandığı bazanın məbləği qaldırılacaq.

Redaktor.az xəbər verir ki, bu haqda “Hraparak” qəzeti yazıb.

Qeyd edilib ki, hazırda Ermənistanda ən yüksək maaş prezident Vaaqn Xaçatryana məxsusdur -1 milyon 323 min dram alır ki, bu da təxminən 3342 ABŞ dolları qarşılığındadır. 2023-cü ildə artım baş verəndən sonra prezidentin maaşı 340 min dram artaraq 1 milyon 664 min dram olacaq, yəni təxminən 4203 dollar.

Baş nazir Nikol Paşinyan hazırda 1 milyon 256 min 660 dram alır, bu da təxminən 3174,4 dollar edir. 2023-cü il yanvarın 1-dən onun aylıq maaşı 1 milyon 580 min dram, 3991 dollar olacaq.

Ermənistanda 3-cü ən çox maaaş alan isə parlamentin sədri Alen Simonyandır. Onun indiki maaşı 1 milyon 190 min 520 dramdır (3007.3 dollar). Simonyan yanvarın 1-dən etibarən 307 min dram daha artıq, yəni ayda 1 milyon 497 min 600 dram ( 3783 dolla) alacaq.

Qeyd edək ki, bu, mükafatlara şamil edilmir.

Konstitusiya Məhkəməsinin sədri və Ali Məhkəmə Şurasının sədri hazırda 1 milyon 58 min dram (2672,5 dolla) alır. Yanvarın 1-dən onların maaşı 1 milyon 331 min dram (3362,2 dolla) olacaq, yəni 273 min dram artacaq.

Baş nazirin müavinləri Mher Qriqoryan, Hambardzum Matevosyanın və Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın aylıq maaşı hazırda 1 milyon 25 min 170 dramdır, baza maaşının artırılması halında onlar 1 milyon 289 min 600 dram alacaqlar. Bu da 264 min dram çoxdur.

Yanvarın 1-dən Ombudsman Kristin Qriqoryanın, baş prokuror Anna Vardapetyanın, Hesablama Palatasının sədri Atom Cancuqazyanın da maaşları artacaq. Hazırda onlar 992 min 200 dram (2505,8 dollar) alırlar, yeni ildən maaşları 255 min 800 dram artaraq 1 milyon 248 min dram (3152,5 dollar)olacaq.

Digər dövlət məmurlarının da maaşları eyni şəkildə artacaq. Onların bir çoxu üçün müxtəlif faiz dərəcələri ilə aylıq - 30, 50, 100 faizlik mükafatlar da nəzərdə tutulub və maaşların artırılması ilə yanaşı, aylıq mükafatlar da artacaq. Məsələn, Ədliyyə Nazirliyinin layihəsində Baş prokurora və prokurorlara 100 faiz aylıq mükafat müəyyən edilibsə, bu, Baş prokurorun aylıq gəlirinin 2 milyon 500 min drama (6115 dolla) çatması deməkdir.

Tunar Altunbay