Balkanlarda yeni müharibə ehtimalı hər gün artır

Kosovo bu gün axşama qədər serblərdən ölkənin şimalındakı barrikadaları yığışdırmağı tələb edib.
Redaktor.az xəbər verir ki, bu barədə Kosovonun baş naziri Albin Kurti Təhlükəsizlik Şurasının iclasından sonra danışıb.
O bildirib ki, şimaldakı magistrallarda və Metoxiyadakı barrikadalar axşama qədər yığışdırılmalıdır, əks təqdirdə polis müdaxilə edəcək. Kurti NATO-nun Kosovadakı missiyasını prosesə müdaxilə etməyə çağırıb.
Serbiya prezidenti Aleksandr Vuçiç Kosovo baş nazirin açıqlamasından sonra təcili Milli Təhlükəsizlik Şurasının iclasını çağırıb.
Məlumat üçün bildirək ki, dekabrın 10-da yüzlərlə serb Kosovonun şimalında barrikadalar qurub. Onlar Serbiya istiqamətində iki əsas sərhəd-keçid məntəqəsi vasitəsilə nəqliyyatın hərəkətini kəsiblər. Yerli media sərhəd-keçid məntəqələri ərazisində partlayışlar və atışmaların olduğunu bildirib.
Dekabrın 18-də Kosovonun şimalında, əsasən serblərin məskunlaşdığı 4 şəhərin rəhbərliyinə seçkilər keçiriləcək. Serbiya hakimiyyəti və Kosovo serbləri seçkilərə qarşı çıxıblar.