Almaniyadan sığınacaq istəyən iranlıların sayı artıb

 09:42 12.12.2022     159

Almaniya Federativ Respublikasına gələrək, bu ölkədən sığınacaq istəyən İran vətəndaşlarının sayı artıb.

Redaktor.az xəbər verir ki, bu barədə Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarədən (BAMF) report.az-a bildirilib.

Məlumata görə, bu ilin yanvar-noyabr ayları arasında federal idarəyə İran vətəndaşları tərəfindən ümumilikdə 6 392 sığınacaq ərizəsi daxil olub. Onlardan 5 447-si ilk dəfə, 945-i isə ikinci dəfə üçün edilən müraciətlərdir.

Federal İdarədən verilən məlumatda qeyd olunur ki, İranda sentyabr ayında başlayan kütləvi nümayişlərdən sonra Almaniyaya gələrək sığınacaq istəyən İran vətəndaşlarının sayı əvvəlki ilin eyni ayı ilə müqayisədə iki dəfə çoxdur.

İran vətəndaşları tərəfindən federal idarəyə bu ilin sentyabr ayında 613, oktyabrda 892, noyabr ayında isə 1039 nəfər qaçqın statusu üçün müraciət edib.

BAMF-ın açıqlamasında qeyd olunur ki, bu ilin yanvar-noyabr aylarında federal idarəyə sığınacaq üçün müraciət edənlərin ümumi sayı 214 253 nəfərdir.