Yunanıstan Avropa Parlamentinin vitse-prezidentinin aktivlərini dondurdu

 17:02 12.12.2022     143

Yunanıstan hökuməti parlamentin deputatı, Avropa Parlamentinin 14 vitse-prezidentindən biri Eva Kailinin aktivlərini dondurub.

Redaktor.az AFP-yə istinadən xəbər verir ki, Yunanıstan hökuməti müvafiq qərarı vitse-prezident Kaili Qətərlə bağlı rüşvət qalmaqalında iştirak iddiası ilə korrupsiya ittihamı ilə saxlanıldıqdan sonra verib.

Yunanıstanın çirkli pulların yuyulması ilə mübarizə orqanının prezidenti Haralambos Vourliotis qərarın Eva Kailinin qohumlarına da şamil edildiyini deyib və bildirib ki, dondurulan aktivlər sırasına bank hesabları, seyflər, şirkətlər və digər maliyyə aktivlər daxildir.

Səlahiyyətli qurum bildirib ki, artıq Yunanıstan bankları və dövlət xidmətləri qərarla bağlı məlumatlandırılıb.

Xatırladaq ki, dekabrın 11-də Brüsseldə 44 yaşlı Eva Kailiyə qarşı korrupsiya ittihamı irəli sürülüb. Belçika polisi Dünya Çempionatına ev sahibliyi edən Qətər üçün işləyən şəxslərin Brüsseldəki siyasi müzakirələrə təsir etmək məqsədilə avropalı siyasətçilərə külli miqdarda rüşvət verməklə bağlı iddiaları araşdırıb. Qətərdə həyata keçirilən son əmək islahatlarını açıq şəkildə dəstəkləyən Kaili, Belçika müstəntiqlərinin onun evində "pul kisələri" tapmasından sonra ittiham olunan və həbs edilən dörd şübhəlidən biridir. Eva Kaili parlamentin vitse-prezidenti vəzifəsindən, həmçinin parlamentin prezidenti Roberta Metsolanı Yaxın Şərqdə təmsil etmək vəzifəsindən məhrum edilib. Amma o, deputat olaraq qalır.