Rusiya qırıcısı Norveçin kəşfiyyat təyyarəsinə görə havaya qaldırıldı
Rusiyanın MiQ-31 qırıcısı bazar ertəsi Norveç Hərbi Hava Qüvvələrinə məxsus R-3C Orion kəşfiyyat təyyarəsini Barents dənizi üzərində müşayiət edib.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Federasiyasının Müdafiəyə Nəzarət Milli Mərkəzindən məlumat verilib.
Bildirilib ki, Rusiya hava məkanına nəzarət sistemləri Barents dənizinin neytral suları üzərindən sərhədə yaxınlaşan hədəfi aşkarlayıb. Bunu müəyyən etmək üçün Şimal Donanmasının hava hücumundan müdafiə qüvvələrinə məxsus MiQ-31 təyyarəsi havaya qaldırılıb.
"Rusiya qırıcısının ekipajı hava hədəfinin Norveç Hərbi Hava Qüvvələrinin P-3C Orion baza patrul təyyarəsi olduğunu müəyyən edib və onu Barents dənizi üzərində müşayiət edib. Rusiya Federasiyasının dövlət sərhədinin pozulmasına icazə verilməyib”, - deyə məlumatda bildirilir.
Qeyd edilib ki, Norveç Hərbi Hava Qüvvələrinə məxsus P-3С Orion təyyarəsi Rusiya dövlət sərhədindən dönəndən sonra rus qırıcısı sağ-salamat öz aerodromuna qayıdıb. “Rusiya qırıcısının uçuşu hava marşrutlarını keçmədən və xarici dövlətin təyyarəsinə təhlükəli şəkildə yaxınlaşmadan neytral sular üzərində hava məkanından istifadə üzrə beynəlxalq qaydalara ciddi uyğun olaraq həyata keçirilib”, - deyə əlavə edilib.
Turan İSMAYIL












