“Moskvadan xəbər gözləyirəm” - Zelenski

 10:34 13.12.2022     383

Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanı qarşıdan gələn Yeni il bayramı ilə əlaqədar qoşunlarını Ukrayna ərazisindən çıxarmağa çağırıb.

Redaktor.az “Haber Global”a istinadla xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski Almaniyanın sədri olduğu G7 ölkələrinin liderlərinin iştirakı ilə keçirilən onlayn iclasda deyib.

“Milad bayramı normal insanların aqressiya deyil, sülh haqqında düşündüyü vaxtdır. Mən təklif edirəm ki, Rusiya ən azı təcavüzdən əl çəkə biləcəyini sübut etməyə çalışsın. Rusiya qoşunlarının beynəlxalq səviyyədə tanınmış Ukrayna ərazisindən çıxarılmasına Milad bayramında başlamaq düzgün olardı. Əgər Rusiya qoşunlarını Ukraynadan çıxarsa, münaqişələrin etibarlı şəkildə dayandırılmasına nail olunacaq”,- deyə Zelenski qeyd edib.

Rusiyaya təklif etdiyi həll yolu yerinə yetiriləcəyi təqdirdə sülhə nail olmağın mümkün olduğuna inandığını ifadə edən Zelenski, indi Moskvadan xəbər gözlədiklərini qeyd edib.

Həmidə ibrahimova