"Rusiya yeni hücuma hazırlaşaraq müdafiəni yarmağa ümid edir" - Ukraynalı nazir
Ukrayna qələbəni sürətləndirmək üçün hər cür səy göstərir. Müharibəni dayandırmaq üçün istənilən qərar 2014-cü ildən etibarən Rusiya qoşunlarının Ukraynanın bütün ərazilərindən çıxarılmasına əsaslanacaq.
Redaktor.az UNİAN-a istinadla xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirib.
Nazir onlayn brifinq zamanı Ukraynanın Qərb tərəfdaşlarının prezident Volodimir Zelenskinin ümidlərinə şərik olub-olmaması sualını cavablandırarkən deyib:
"Biz ümid edirik və bizdən asılı olan hər şeyi edəcəyik ki, bu müharibəni qələbəmizlə və Ukrayna ərazilərinin azad edilməsi ilə mümkün qədər tez bitirək".
Eyni zamanda, Kuleba əlavə edib ki, bunun nə vaxt baş verəcəyi ilə bağlı hər hansı vaxt çərçivəsi müəyyən etmək çətindir.
"Lakin biz hər cür səy göstəririk. Və bu, yayda baş verərsə, bu, əlbəttə ki, əla xəbər olardı", - Kuleba bildirib.
XİN rəhbəri qeyd edib ki, Ukrayna prezidentinin ümidləri müharibənin dinamikasının qiymətləndirilməsinə, Ukrayna və Rusiyanın hərbi imkanlarının qiymətləndirilməsinə, beynəlxalq tərəfdaşlardan Ukraynaya gələn dəstək səviyyəsinə əsaslanır.
Rusiya ordusunun qışda müharibə aparmaq imkanlarını dəyərləndirməsi ilə bağlı sualı cavablandıran Kuleba qeyd edib ki, Ukrayna Silahlı Qüvvələri bunun qarşısını almaq üçün hər şeyi edir.
"Düşünürəm ki, Rusiyanın böyük bir hücuma başlamaq qabiliyyəti, yəqin ki, yanvar-fevralın sonunda haradasa bərpa olunacaq... Bu, onların etməyə çalışdıqları şeydir. Və biz, əlbəttə, bunun qarşısını almaq üçün mümkün olan hər şeyi edirik. Onların müdafiə xətlərimizi yarmaq və Ukraynanın dərinliklərinə doğru irəliləmək istəklərini qeyri-mümkün etmək üçün hər şeyi edirik. Və mən qəti şəkildə inanıram ki, onlar uğur qazana bilməyəcəklər”, - nazir bildirib.
Kuleba qeyd edib ki, Ukrayna öz ərazilərini vermək fikrində deyil, çünki ərazi bütövlüyü məsələsi danışıqlara çıxarılmır.
"İstənilən qərar və ya diplomatik final oyunu Rusiyanın 2014-cü ildən etibarən Ukraynanın bütün ərazilərindən çıxmasına əsaslanacaq", - Kuleba vurğulayıb.
Turan İSMAYIL












