Keçmiş Gürcüstan vətəndaşları yenidən vətəndaşlıq ala biləcək

 18:48 14.12.2022     543

Gürcüstan parlamenti “Gürcüstan vətəndaşlığı haqqında” qanuna Gürcüstan vətəndaşlığını bərpa etmək istəyən vətəndaşların ərizələrinin qəbulu üçün son müddətin 2024-cü ilin sonuna qədər uzadılmasını nəzərdə tutan düzəlişləri birinci oxunuşda dəstəkləyib.

Redaktor.az xəbər verir ki, parlamentin iclası qanunverici orqanın saytında canlı yayımlanıb.

Qanun layihəsinin müəlliflərindən biri, parlamentin İnsan hüquqlarının müdafiəsi və vətəndaş inteqrasiyası komitəsinin rəhbəri Mixail Sarjveladze iclasda bildirib ki, "vətəndaşlığın bərpası üçün ərizələrin verilməsinin dinamikasını izləsək, mövcud mexanizm pandemiyadan əvvəl fəal şəkildə istifadə edilib". Onun sözlərinə görə, pandemiya dövründə vətəndaşların müraciətləri xeyli azalıb və Prezident Administrasiyası da daxil olmaqla, məsləhətləşmələrdən sonra ərizələrin verilməsi müddətinin iki il uzadılması qərara alınıb.

Deputatlar qanun layihəsini birinci oxunuşda 85 səslə dəstəkləyiblər.

Qeyd edək ki, mövcud qanunvericiliyə əsasən, başqa ölkənin vətəndaşlığını qəbul etdiyinə görə respublika vətəndaşlığını itirmiş keçmiş Gürcüstan vətəndaşı Gürcüstan vətəndaşlığını qaytarmaq, ona pasport tələbi ilə 2022-ci il dekabrın 31-dək Ədliyyə Nazirliyinə müraciət etmək hüququna malikdir. Qanun layihəsinin izahatında qeyd olunur ki, 2018-ci ildə Gürcüstan vətəndaşlığının qaytarılması üçün 1,9 mindən çox, 2019-cu ildə isə 2 mindən çox şəxs müraciət edib.

Turan İSMAYIL