"Azərbaycanla Ermənistan arasında sülhü dəstəkləmək ABŞ-ın milli təhlükəsizlik marağıdır"

 01:06 15.12.2022     230

“Azərbaycan və Ermənistan 30 ildən çox davam edən münaqişədən sonra sülhün və təhlükəsizliyin təminatı üçün tarixi imkan əldə edib”.

Redaktor.az xəbər verir ki, bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid ABŞ Nümayəndələr Palatasının Xarici İşlər Komitəsində keçirilən dinləmələr zamanı deyib.

“Sentyabrda intensivləşən hərbi toqquşmanın ardınca Azərbaycan və Ermənistan yenidən sülh prosesinə fokuslandı, xüsusilə də tarixi addım olaraq bu layihə üzərində birbaşa işləməyə başladılar. ABŞ-ın da bu prosesdə iştirakı vacib rol oynayır”, - deyə o, bildirib.

Dediyinə görə, dövlət katibi Blinken dəfələrlə Azərbaycan və Ermənistan rəhbərliyi ilə əlaqə saxlayıb hər ki ölkənin XİN başçılarının görüşünü təşkil edib:

“Müdafiə nazirinin müavini hər iki ölkənin müdafiə nazirləri ilə danışıb, milli təhlükəsizlik məsələləri üzrə müşavir Ceyk Sallivan bu iki ölkədən olan həmkarları ilə Vaşinqtonda görüşüb. Bütün bunlar ABŞ administrasiyasının sülhün təminatına sadiqliyini bir daha nümayiş etdirir”.

Karen Donfrid bildirib ki, ABŞ Azərbaycanı və Ermənistanı danışıqların davam etməsi üçün bu imkanın qoruyub saxlanılması üçün təşviq edir.

“Biz bunu ikitərəfli, üçtərəfli və Aİ və digər tərəfdaşlarla yaxın koordinasiya şəraitində edirik”, - deyı o vurğulayıb.

Donfrid xatırladıb ki, ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Filip Riker bu yaxınlarda regiondan qayıdıb.

“Azərbaycan və Ermənistan arasında sülhü dəstəkləmək düzgün addımdır və bu bizim milli təhlükəsizlik marağımıza uyğundur. Azərbaycan və Ermənistan arasında sülh bərpa olunduqdan sonra bizim əməkdaşlığımız daha da vacib hal alacaq”, -deyə Donfrid qeyd edib.

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi bildirib ki, Cənubi Qafqaz xalqlarının sülh içində yaşamağa haqqı var.

“Bu bütün regionun çiçəklənməsinə və rifahına imkan verəcək. ABŞ-ın hazırkı administrasiyası bu dəyərli məqsədi dəstəkləməyə sadiq qalır”,- o, bildirib.