Rusiyada 17 yaşına qədər uşağı olan imkansız ailələrə müavinət veriləcək - Putin AÇIQLADI
Analığa və uşaqlığa dəstək çərçivəsində vahid sosial aylıq müavinət vətəndaşlar üçün mümkün qədər aydın və rahat olmalı, eyni zamanda bir ərizə əsasında təyin edilməlidir.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Strateji İnkişaf və Milli Layihələr Şurasının iclasında bildirib.
““Qeyd etmək istərdim ki, 2023-cü il yanvarın 1-dən biz analıq və uşaqlığa dəstək sistemini transformasiya edəcəyik, 17 yaşına qədər uşağı olan imkansız ailələrə vahid aylıq müavinətin verilməsinə başlayacağıq. Müavinət valideynin və ya hamilə qadının bir ərizəsi əsasında və dərhal ailədəki bütün uşaqlar üçün təyin ediləcək. Müavinətlərin qeydiyyatı və alınması vətəndaşlar üçün mümkün qədər aydın, sadə, rahat olmalıdır”, - deyə o bildirib.
Prezident əlavə edib ki, hamilə qadınlara verilən müavinətin məbləği artırılaraq, yaşayış məntəqəsi üzrə əmək qabiliyyətli əhalinin yaşayış minimumunun yarısına bərabər olmalıdır.
“Həmçinin sizdən xahiş edirəm ki, ailənin gəlirləri, məsələn, maaşları bir qədər artdıqda və rəsmi əsaslarla ailə uşaq müavinətləri hüququndan məhrum olduqda, ümumiyyətlə, maddi vəziyyəti belə olmasa da, konkret həyat vəziyyətlərini nəzərə alasınız. Burada təbii ki, keçid dövrünü təmin etmək lazımdır”, - deyə dövlət başçısı vurğulayıb.
Putinin sözlərinə görə, bununla bağlı bütün göstərişlər artıq verilib və indi o, hökumətdən yaxın vaxtlarda konkret təkliflər gözləyir.
Turan İSMAYIL












