Səkkiz işğalçı Ukrayna hərbçilərinə təslim oldu - FOTO

Ukraynanın işğalında ruslarla birlikdə iştirak edən 8 hərbçi təslim olub. Onların hamısı müvəqqəti işğal olunmuş Rovenek, Staxanov, Alçevsk və Luqansk vilayətinin Qud kəndinin sakinləridir.
Redaktor.az “Ukrinform”a istinadla xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin məlumatında deyilir.
Məlumatda onların bir neçəsinin artıq 2014-cü ildən döyüş təcrübəsi olduğu qeyd edilir. Amma bəzilərini işğalçı hüquq-mühafizə orqanlarının nümayəndələri küçənin ortasında səfərbərliyə cəlb ediblər.
“İşğalçıların dediyinə görə, hətta "bomj"lar da rus ordusuna aparılıb, lakin xəstəliklər və bitlər səbəbindən yenidən küçədə gecələmək məcburiyyətində qalıblar. Onlar zorla hərbi komissarlığa gətirilib, sənədlər tələb edilib və bir daha buraxılmayıb. Komandanlıq onları müxtəlif vəzifələr üçün 6-cı kazak alayına təyin edərək Vladimirovka kəndinə, oradan isə Yaqodnoye və Baxmutski yaxınlığındakı meşə zolağına göndərib”, - məlumatda deyilir.
Hazırda məhbusların Ukraynaya qarşı cinayətlərinin sənədləşdirilməsi istiqamətində müvafiq istintaq hərəkətləri aparılır. Onlar istintaqla əməkdaşlıq edir və həmkarlarını silahı yerə qoymağa çağırırlar.
Ukrayna Təhlükəsizlik Xidməti (SBU) bu "döyüşçülər" kontingentini dindirir və beynəlxalq məhkəmələr üçün Rusiyanın Ukraynaya qarşı cinayətlərinə dair sübutlar toplayır.
SBU-nun növbəti müdaxiləsi göstərir ki, rus işğalçıları Ukrayna Silahlı Qüvvələrinin hücumlarından o qədər əziyyət çəkirlər ki, onlar hətta ən çox qüvvənin cəmləşdiyi şərq cəbhəsində də ümidlərini itiriblər.
Tunar Altunbay