Etirazlara görə 5 min turist şəhərdən çıxa bilmir

 11:05 17.12.2022     432

Peruda prezident Pedro Kastillonun dekabrın 7-də Konqresdəki vəzifəsindən uzaqlaşdırılaraq həbsxanaya göndərilməsindən sonra başlayan etirazlarda 5 min turistin ölkədən çıxa bilməməsi bildirilib.

Redaktor.az “Haber Global”a istinadla xəbər verir ki, ölkənin bir çox yerində davam edən etirazlar səbəbindən Kusko şəhərindəki Alejandro Velasko Astete Beynəlxalq Hava Limanı müvəqqəti olaraq uçuşlara bağlanıb.

Məlumata görə, nümayişçilərin hədəfi olan hava limanının dekabrın 12-dən etibarən bağlı olması səbəbindən 5 min turist müxtəlif otellərdə gözləməyə davam edir.

Perunun ən əhəmiyyətli qədim turizm şəhəri Maçu Pikçuya gələn minlərlə turistin yollara qurulan barrikadalar və komendant saatı səbəbindən hava limanına gedə bilməyəcəyi bildirilir.

Digər tərəfdən, Maçu Pikçu bələdiyyəsi sabah 4 helikopterlə turizm bölgəsindən əcnəbilərin təxliyyə əməliyyatı həyata keçirəcək.

Qeyd olunur ki, etirazçılar ölkənin yeni prezidenti Dina Boluartenin istefasını, həbsdə olan Kastillonun azad edilməsini, Konqresin bağlanmasını və seçki təqviminin dərhal müəyyənləşdirilməsini tələb edirlər.

Hökumət zorakılıq və etirazlara görə dekabrın 14-də ölkə daxilində 30 günlük fövqəladə vəziyyət elan edib.

Həmidə İbrahimova