Sanksiya təzyiqlərinə Belarusla birgə müqavimət göstəririk - Putin

Moskva və Minsk sanksiyalar təzyiqlərinə və onları təcrid etmək cəhdlərinə inamla və effektiv şəkildə müqavimət göstərir.
Redaktor.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin bu gün belaruslu həmkarı Aleksandr Lukaşenko ilə danışıqların yekununda bildirib.
"Biz birlikdə qeyri-dost dövlətlərin sanksiya təzyiqlərinə, Rusiya və Belarusu qlobal bazarlarda təcrid etmək cəhdlərinə müqavimət göstəririk. Biz qeyri-qanuni məhdudlaşdırıcı tədbirlərin ölkələrimizin iqtisadiyyatına təsirini minimuma endirmək üçün addımları koordinasiya edirik. Biz bunu kifayət qədər inamla və effektiv şəkildə edirik", - o, deyib.
Putin Rusiya Federasiyası və Belarusun davamlı iqtisadi artımın təmin edilməsinə və həyat səviyyəsinin yüksəldilməsinə yönəlmiş iqtisadi inteqrasiyanı ardıcıl olaraq dərinləşdirən İttifaq Dövlətini birgə qurmasına diqqət çəkib.
Rusiya dövlətinin başçısı Minskə dəvətə və səmimi qəbula görə Lukaşenkoya ayrıca təşəkkür edib. Rusiya lideri qeyd edib ki, bugünkü danışıqlar faydalı və vaxtında olub. O, Belarus prezidenti ilə kifayət qədər tez-tez görüşdüklərinə diqqət çəkib, lakin indi hökumətlərin il ərzində gördüyü birgə işlərə yekun vurmaq və növbəti addımları müəyyən etmək vacib idi.
Rusiya Federasiyası Prezidentinin sözlərinə görə, əvvəlcə geniş tərkibdə, nümayəndə heyətlərinin iştirakı ilə danışıqlar aparılıb, sonra o, Lukaşenko ilə təkbətək danışıb. “Lakin biz həm də işçi nahar zamanı danışmağa və bəzi məsələləri müzakirə etməyə razılaşdıq”, - o əlavə edib.
Putin deyib ki, danışıqlarda “Rusiya-Belarus münasibətlərinin iqtisadiyyat, mədəni-humanitar, təhlükəsizlik və müdafiə sahəsində əsas məsələləri işgüzar və konstruktiv şəkildə nəzərdən keçirilib”.
“Əlbəttə ki, müzakirələr ümumilikdə dünyada, xüsusən də regionumuzda inkişaf edən vəziyyət nəzərə alınmaqla aparılıb”, - deyə o qeyd edib.
Rusiya lideri qeyd edib ki, Moskva və Minsk ən yaxın müttəfiqlər və strateji tərəfdaşlardır, onlar arasında əməkdaşlıq qarşılıqlı hörmət və bir-birinin maraqlarının nəzərə alınması prinsipləri əsasında inkişaf edir.
“Bizi bir çox ruslar və belaruslar arasında formalaşmış ümumi tarix, mənəvi dəyərlər, ailə və qohumluq əlaqələri birləşdirir”, - o xatırladıb.
Turan İSMAYIL