"Tanrı da azarkeşlərin tərəfində idi" - Putin final oyunundan DANIŞDI

 23:17 19.12.2022     422

"Argentina-Fransa matçına, hesab artıq 2-2 olduğu andan ikinci hissəyə baxdım. Əlavə vaxta baxdım. Sonra təbii ki, özümü saxlaya bilmədim ki, Argentina prezidentinə zəng edib təbrik edim".

Redaktor.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin bu gün Belarusa səfərindən sonra keçirilən mətbuat konfransında sualı cavablandırarkən deyib.

Rusiya dövlətinin başçısı vurğulayıb ki, “Argentina futbol ölkəsidir”. "Oradakı insanlar həqiqətən çox mehribandırlar, öz oyunçularını, o cümlədən liderləri sevirlər. Düşünürəm ki, onlar bu qələbəyə layiq idilər", - Putin vurğulayıb.

Eyni zamanda, o, dünya çempionatının finalında mübarizə aparan hər iki komandaya parlaq oyuna görə təşəkkür edib.

"Mənə elə gəlir ki, Tanrı da azarkeşlərin tərəfində idi", - Rusiya dövlətinin başçısı qeyd edib.

Onun sözlərinə görə, finalda hər iki komanda - Argentina və Fransa "dünyanın bütün idman növləri və futbolsevərləri üçün əsl futbol bayramı yaratdı". "Hər iki komanda parlaq oynadı, ona görə də onlara böyük təşəkkürümü bildirməliyəm. Doğrudan da, belə dram var idi, son saniyəyə qədər, necə deyərlər, mübarizə apardılar. Çox layiqli mübarizə apardılar. Amma ən güclüsü qalib gəldi", - Putin fikrini yekunlaşdırıb. 

Qeyd edək ki, Qətərdə keçirilən dünya çempionatının finalında Argentina millisi Fransa yığmasına penaltilər seriyasında qalib gələrək üçüncü dəfə kuboka sahib çıxıb. Əsas vaxt və əlavə iki hissə 3:3 hesabı ilə başa çatıb. Argentinalıların qollarını Lionel Messi və Anxel Di Maria vurub. Fransalı Kilian Mbappe het-trikə imza atıb. Penaltilər seriyası 4:2 hesabı ilə Argentinanın xeyrinə başa çatıb.

Turan ASLAN