Təhlükə olarsa Yaponiya əvvəldən zərbə endirəcək - Yaponiyalı nazir

 10:04 21.12.2022     264

Yaponiya silahlı qüvvələri başqa dövlətin ərazisinə hücumun başlanğıcı barədə məlumat alma mərhələsində də zərbə endirə bilər.

Redaktor.az "Asahi Shimbun" qəzetinə  istinadla bildirir ki, bu barədə Yaponiyanın müdafiə naziri Yasukazu Hamada jurnalistlərlə görüşdə bildirib.

“Başqa bir dövlət ölkəmizə silahlı basqın etmə ehtimalını hiss etdikdə bizə real zərər vurulmasını gözləmədən özünümüdafiə hüququndan istifadə edə bilərik”,- nazir deyib.

Eyni zamanda nazirin bu sözləri Yaponiya Nazirlər Kabineti tərəfindən yenicə qəbul edilmiş Milli Təhlükəsizlik Strategiyasına ziddir. Çünki  həmin sənəddə bildirilir ki, Tokio düşmənə qarşı qabaqlayıcı zərbələr endirməkdən imtina edir, çünki bu, beynəlxalq hüquqa ziddir.

Yaponiyanın aparıcı müxalifət partiyası olan Konstitusiya Demokratik Partiyası isə hökumətin bu mövqeyini rəsmən rədd edib. Onun fikrincə, bu, qabaqlayıcı hərbi zərbələrin tətbiqi ilə bağlı qərarların qəbuluna səbəb ola bilər.

Eyni zamanda, Konstitusiya Demokratik Partiyası hakimiyyətin ölkə silahlı qüvvələrini Tokionun hələ ki, olmayan uzaqmənzilli raketlərlə təchiz etmək niyyətini dəstəkləyib.

Xüsusilə, yaxın gələcəkdə Yaponiya ABŞ-dan “Tomaqavk” qanadlı raketləri almaq niyyətindədir. Yaponiyanın öz ballistik raketlərinin modernləşdirilməsi də davam edir, onların uçuş məsafəsi 1000 km-dən çox olmalıdır. Bu məqsədlə hərbi xərclərin 2027-ci ilə qədər iki dəfə artırılaraq ÜDM-in 2%-i səviyyəsinə çatdırılması gözlənilir.

Tunar Altunbay

Vumart və Güvən reklamı Vumart Güvən