"Bu ittihamlar saxtadır" - Tramp

Xəbər verdiyimiz kimi, ABŞ-ın Nümayəndələr Palatasının Kapitoliyə hücumu ilə bağlı Araşdırma Komissiyası Ədliyyə Departamentinə keçmiş prezident Donald Trampı dörd cinayətdə ittiham etməyi tövsiyə edib.
"Komissiya qeyd edib ki, Tramp Konqresin rəsmi işinə mane olmaq, federal hökuməti aldatmaq üçün sui-qəsd yaratmaq, yalan bəyanatlar vermək və zorakı qiyama cəhd etməkdə ittiham oluna bilər.
ABŞ-da Konqres ilk dəfədir ki, keçmiş prezidentin mühakimə olunmasını tövsiyə edir.
Redaktor.az "Reuters"ə istinadla bildirir ki, komissiyanın qərarını elan etdikdən sonra Tramp ona qarşı irəli sürülən ittihamları “saxtalaşdırılmış” adlandırıb.
“İrəli sürülən ittihamlar məni və Respublikaçılar Partiyasını kənarlaşdırmaq üçün əvvəlcədən düşünülmüş cəhddir”, - deyə Tramp bildirib və əlavə edib ki, impiçment prosesinin bir hissəsi kimi bu ittihamlar nəzərdən keçirilib.
Qeyd edək ki, ABŞ prezident seçkilərində uduzan Trampın radikal tərəfdarları 2021-ci il yanvarın 6-da Vaşinqtonda çıxışından sonra Kapitoliyə soxularaq Senat və Nümayəndələr Palatasının birgə iclasını yarımçıq dayandırıblar.
Hücum zamanı biri polis olmaqla 5 nəfər həlak olub, daha iki polis isə intihar edib. İğtişaşlardan sonra 50-yə yaxın adam saxlanılıb, onlardan bir neçəsinə qarşı ittiham irəli sürülüb.
Tunar Altunbay