Rusiyanın keçmiş siyasi məhbusu Ukraynada öldürüldü
Krımın Rusiya işğalına qarşı müqavimətin fəalı, keçmiş siyasi məhbusu Gennadi Afanasyev Ukraynada həlak olub.
Redaktor.az xəbər verir ki, Afanasyevin ölümünü onun dostu və bloger Miroslav Oleşko bildirib.
"Əlvida dostum,övladımın xaç atası. Mən səni sevirəm. Sən həmişə bizimləsən, həmişə xatırlayacağıq", - o, yazıb.
Afanasyevin dəqiq harada və nə vaxt öldüyünü Oleşko açıqlamayıb.
Onun Rusiya Federasiyasının genişmiqyaslı işğalından dərhal sonra Ukraynanı müdafiə etməyə getdiyi məlumdur.
Keçmiş siyasi məhbusun həyat yoldaşı və 2 yaşlı qızı qalıb.
Qeyd edək ki, Putin rejiminin ən qatı müxalifətçilərindən hesab edilən Gennadi Afanasyevi 2014-cü ilin mayında Krımın ilhaqından sonra Rusiya FTX-nın əməkdaşları Simferopol küçələrindən birində saxlayıb.
O, qondarma “Sentsov qruplaşmasının terrorçuları”nın işi üzrə müttəhimlərdən biri kimi terror aktları hazırlamaqda ittiham olunurdu.
Kreml rejimi onu 7 il müddətinə azadlıqdan məhrum edib. Lakin iki ildən sonra mübadilə nəticəsində o, Ukraynaya qaytarılıb.
2018-ci ildə Avropa İnsan Hüquqları Məhkəməsi qeyri-insani şərtlərinə görə Rusiya Federasiyasını Afanasyevə yüksək miqdarda maddi təzminat ödəməyə məcbur edib.
Tunar Altunbay












